Sənədlər azalacaq, vətəndaşlar razı qalacaq - Elektron səhiyyə


Elektron səhiyyə vətəndaşların, həm də səhiyyə işçilərinin işinin yüngülləşdirilməsinə xidmət edəcək
Düzgün zamanda və düzgün yerdə xəstələrin sağlamlığı haqqında məlumatlara çıxış imkanı təmin olunacaq
İctimai və dövlət maraqlarının müdafiəsi
  "Azərbaycanda elektron səhiyyə ilə bağlı ümumi platformanın yaradılması müzakirə olunur". Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektronlaşma ilə bağlı çox böyük işlər görüldüyünü xatırladan sədr qeyd edib ki, xəstəxanalarda artıq bütün pasiyentlərin qeydiyyatı elektron formada aparılır. Onun sözlərinə görə, vətəndaşlar şəxsi kabinetə daxil olub aldıqları tibbi xidmətlərə dair məlumatı onlayn əldə edə bilirlər. Əlliyə yaxın tibb müəssisəsinin laboratoriyasının elektronlaşdırıldığını vurğulayan Z.Əliyev deyib ki, görülən işlərə rəğmən ümumi sistemdə fraqmentasiyalar mövcuddur: "Elektron səhiyyə ilə bağlı ölkədə ümumi bir platformanın yaradılması müzakirə olunur. Bu platformaya Səhiyyə Nazirliyi, TƏBİB, digər nazirliklərin tabeliyindəki tibb müəssisələrinin, həmçinin özəl tibb müəssisələrinin inteqrasiyası nəzərdən keçirilir". Elektron səhiyyə dövlətlə vətəndaş arasında əlaqənin möhkəmlənməsində hansı əhəmiyyətə malikdir?
  Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı elektron səhiyyəni sadə şəkildə “səhiyyə sahəsində informasiya və kommunikasiya texnologiyalarının istifadəsi” kimi xarakterizə edir. Əlbəttə, səhiyyə sahəsində çalışan mütəxəssislər yaxın gələcəkdə texnologiya ilə əvəz edilməyəcək, amma informasiya texnologiyalarının tətbiqi həkimlərin gündəlik işlərini yüngülləşdirə bilər. Elektron səhiyyənin məqsədi, düzgün zamanda və düzgün yerdə xəstələrin sağlamlığı haqqında məlumatlara çıxış imkanı təmin etmək və bununla da səhiyyədə daha yaxşı nəticələrin əldə olunması üçün səhiyyə xidmətlərinin davamlılığını və keyfiyyətini təmin etməkdir. Məlumdur ki, səhiyyənin inkişafı, səhiyyə xidmətlərindən hər bir vətəndaşın istifadəsi, müayinə və müalicələrə əhalinin əlçatanlığı Azərbaycan dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Son illərdə səhiyyənin inkişafı üçün atılan məqsədyönlü addımlar, o cümlədən icbari tibbi sığortanın artıq bütün ölkə üzrə tətbiq edilməsi ilk növbədə vətəndaşların sağlamlığına və səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi daşıyır. Elektron səhiyyə də həm vətəndaşların, həm də səhiyyə işçilərinin işinin yüngülləşdirilməsinə xidmət edəcək. Elektron səhiyyə sistemləri sayəsində səhiyyə sahəsində çalışan mütəxəssislər diqqətlərini blank doldurmaqdan çox xəstələrə ayırır, onlayn qeydiyyatın aktivləşdirilməsi ilə xəstələrin gözləmə, növbələrdə keçirdiyi vaxt qısalır, əczaçılar reseptləri asanlıqla təsdiqləyə və elektron resept (eP) xidmətlərindən istifadə etməklə inzibati protokol yükünü minimuma endirə bilirlər.
  Əslində, elektron səhiyyə, müxtəlif səhiyyə müəssisələri arasında əməkdaşlığı asanlaşdıran və xəstələr ilə qarşılıqlı əlaqələrin yeni formalarını təmin edən, o cümlədən vacib məlumatların paylaşılmasına imkan verməklə səhiyyə xidmətləri göstərməyin yeni yollarını təqdim edir. Bunun əsasını Elektron sağlamlıq kartı (ESK) təşkil edir. Bu kart, bir-birini qarşılıqlı əvəz edən ESK xidmətləri vasitəsilə əlçatan vahid, hər bir şəxs üçün unikal ESK təmin etmək üçün, müxtəlif səhiyyə təminatçılarından toplanan tibbi qulluğa dair hadisə və məlumatlardan ibarətdir. Səhiyyə sistemində çalışan mütəxəssislər və xəstələrin vaxtına qənaət etməklə sənədlərin mübadiləsi və məlumatların yaradılması, saxlanılması və paylaşılması ilə kliniki prosedurların kopyalanmasının qarşısını almağa imkan verən elektron səhiyyəyə dair texnoloji həllər çoxlu sayda faydaları ilə seçilir. İnsanların sağlamlığına dair məlumatların əlçatan olması gələcək problemləri müəyyənləşdirməklə xəstəliklərin qarşısının alınmasına dair siyasətləri dəstəkləyir, o cümlədən insanların sağlamlığına dair məlumatları təhlil edir və innovasiyalara kömək edir. Bu sistem həm də şəffaflığı təşviq edir, çünki səhiyyə sistemi iştirakçılarının fəaliyyətləri qeydə alınır və müvafiq proseslərə riayət olunmanı təmin etmək üçün təhlükəsizlik yoxlamaları tətbiq edilir.
  Qeyd edək ki, millət vəkili Razi Nurullayev isə Milli Məclisin dünən keçirilən iclasında səhiyyə sahəsində elektron ödəmə sisteminin tətbiqini təklif edib. Deputat bildirib ki, müəyyən xəstəliyi olan vətəndaşlar televiziya kanallarındakı proqramlara çıxır, müalicə üçün maddi yardıma ehtiyacı olduqlarının deyirlər. Vətəndaşlar millət vəkillərinə də müraciət edərək efirə çıxmalarına yardım edilməsini istəyirlər: “Təklif edirəm ki, ASAN xidmətin, digər dövlət qurumunun, yaxud ictimai təşkilatın nəzdində elektron ödəmə tətbiqi və internet resursu yaradılsın. Belə təcrübəmiz də var. Məsələn, “Yaşat” Fondu. Biz 40 milyona yaxın millətik. Xalqımız da yardımsevərdir. Kömək etmək istəyən çoxdur, lakin “amma”sı var. İnsanlar bilmək istəyir ki, verdikləri vəsait doğrudan da konkret xəstəyə xərclənirmi? İnsanlar bilmək istəyir ki, sistem şəffafdırmı? İnsanlar istəyir ki, asan yollarla, oturduğu yerdə, əlində və evində olan mümkün vasitələrlə pul köçürsün və nəticəsini izləyə bilsin. Buna görə də vahid ödəniş sistemi olan və vahid mərkəzdən idarə edilən internet ödəniş sisteminin və tətbiqinin yaradılmasını təklif edirəm. Bu tətbiq elə hazırlansın ki, hər bir vətəndaş əlində və evində olan vasitələrlə asan şəkildə pul köçürə bilsin. Hər kəs bir manat köçürsə, on milyonlarla vəsait toplanar və yüzlərlə təkrarlanan müraciətləri həll edə bilərik. Biz bu tətbiqlə insanlarda bir manat köçürmək mədəniyyəti və o bir manatın insan həyatını xilas etməsi inamını yarada bilərik. Telefon konturundan, telefon nömrəsində olan pul vəsaitindən istifadə etməklə hər bir kəsin əlçatanlığını təmin etmək olar. İnanıram ki, tez bir zamanda bu xidməti yarada bilsək, ölkədə minlərlə xəstəni xaricdə müalicəyə göndərə bilərik. Həm də dövlətin üzərində olan yükü də azaltmış olarıq”.
  “Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qeyd etdi ki, qaldırılan məsələ aktualdır:
"Həqiqətən də bu gün müalicəyə ehtiyacı olan, lakin maddi imkansızlıq səbəbindən lazımi müalicə ala bilməyən vətəndaşlarımız var. Burada söhbət böyük məbləğdə müalicə xərclərindən gedir. Elə xəstəliklər var ki, həqiqətən də, onların müalicəsi üçün külli miqdarda vəsait tələb olunur, bəzi xəstəliklərin müalicəsi xarici ölkələrdə daha effektiv aparılır, lakin vətəndaşların heç də hamsıının buna maddi imkanı çatmır. Milli Məclisin Səhiyyə komitəsinin sədri, professor Əhliman Əmiraslanov da bu barədə danışmışdı, onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsinin vacibliyini bildirmişdi. Bilirik ki, onkoloji xəstəliklərin müalicəsi böyük vəsait tələb edir və bu, hər vətəndaş üçün əlçatan deyil. Başqa, ağır xəstəliklər də var ki, onların da müalicəsinə böyük vəsaitlər tələb olunur, ya da müalicəsi xarici ölkələrdə mümkündür. Bəlı, teleproqramlara çıxan, efir vasitəsilə insanlara üz tutub müalicə almaq üçün yardım istəyənlər olur. Amma millət vəkilinin də dediyi kimi, proses şəffaf olsun deyə, toplanan vəsaitin təyinatı üzrə xərcləndiyindən əminlik olsun deyə, elektron ödəmə sisteminin tətbiqi müsbət irəliləyiş olardı. Bir halda ki, elektron səhiyyəyə inteqrasiya edirik, maliyyə vəsaitlərinin də elektron ödəmə sisteminə keçirilməsi səhiyyənin elektronlaşdırılmasına təkan verə bilər. Dövlətin də yükü azalar. Bir sıra xəstəliklər icbari tibbi sığorta paketinə daxil edilsə də, bu sistem ölkədə hələ yeni-yeni tətbiq edildiyindən problemlər qaçılmaz olacaq. İcbari tibbi sığortanın tam gücüylə çalışması üçün icbari tibbi sığortaya ayrılan vəsaitlərin miqdarı artmalıdır, bu da zamanla mümkün olacaq. Hələliksə, vətəndaşlarımız əziyyət çəkməsin deyə, dövlətə dəstək olmaq lazımdır. Bu da elektron ödəmə sistemi vasitəsilə mümkün olar".