“Vaxtı keçmiş mallar satışa göndərilir” - Yeni mexanizm qurulmalıdır!

Şəmkir rayonunda marketlərin birində altı kiloqram istehsala yararsız məhsul aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən rayonunun Düyərli kəndində fəaliyyət göstərən fiziki şəxs Zabit Müseyib oğlu Namazova məxsus “Grand” ərzaq satışı mağazasında planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. 

Mağazada ümumi çəkisi 6.075 kiloqram müxtəlif çeşiddə şirniyyat və xama məhsulunun, eləcə də doqquz litr meyvə şirəsinin yararlılıq müddətinin bitdiyi aşkarlanıb. Mağazada qeydə alınan nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub və istehlaka yararsız məhsulların satışdan çıxarılması barədə qərar qəbul edilib.

Məsələ ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, belə məsələlərə yol açan başlıca səbəb istehlakçıların hüquqlarını qoruyan qanunlar kompleksinin həddindən artıq zəif olmasıdır: 

"Bu qanun 1995-ci ildə qəbul olunub. Ondan sonra ölkə bazarımız inkişaf edib, onlayn satış meydana çıxıb və s. Lakin bu qanun elə olduğu kimi də qalıb. Onda yeddi dəyişiklik edilib, hamısı da istehlakçıların zərərinə. Bu işdə günahkar hökumətin biznes qurumlar üçün yaratdığı toxunulmazlıq şəraitidir. 

Onlar bundan istifadə edərək istehlakçı hüquqlarını pozurlar. Digər günahkar isə yararlılıq müddəti keçmiş təhlükəli məhsulların məhvetmə prosedurunda olan boşluqlardır. Çünki vaxtı keçmiş mallar distribütörə qaytarılır. Ordansa yenidən satışa göndərilir. Məsələnin kökündə belə amillər var". 

E.Hüseynovun qənaətincə, bu halların qarşısını almaq üçün ilk növbədə istehlakçıların mövcud hüquqlarını qoruyan qanunlar dəyişdirilməlidir:

 "Daha sonra AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalıdır. Tutaq ki, hardasa təhlükəli bir məhsul satıldığını görurük. Hansısa dövlət orqanına zəng edib bunun qarşısını almalı olduğunu deyirik. 

İnanın vəziyyət elədir ki, onların heç birinin bu prosesi əngəlləmək ixtiyarı olmayacaq. 

Gərək həmin dövlət orqanı bunun üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət etsin. Ədliyyə Nazirliyi də qarşı tərəfi yoxlamağa getsin. Bu, bir həftə vaxt alır. O müddətdə də həmin yararsız məhsullar satılmış olur. Prosedur dəyişməlidir. 

Qida məsələsində cəld reaksiya mexanizmi olmalıdır. Mütləq AQTA-ya əlavə səlahiyyət verilməli və onun əsasnaməsinə dəyişiklik edilməlidir" .