Dəhşət! - Ata qızını zorlayır, oğlan 16 yaşlı nişanlısını qətl edir! - Sosioloq: “Günah özümüzdədir”

“Biz özümüzdə yaşamaq istədiyimiz dəyərləri müdafiə etmək cəsarətini tapmırıq”

“Məhkəmə orqanları hələ də dünya standartlarına cavab vermir"

“Biz bir sıra ölkələr kimi vəhşi patriarxalizmin qurbanı olduğumuzu qəbul etməli və buna qarşı mübarizə aparılıyıq"

Paytaxtın Nizami rayonunda 18 yaşlı qız intihara cəhd edib. 2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və qız polis bölməsinə aparılıb. İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb. Bu səbəbdən həyatına son qoymaq istəyib. Ardınca Abşeron rayonunun Hökməli qəsəbəsində isə Murad Həsənov şəxsi münasibətlər zəminində 16 yaşlı nişanlısına bıçaqla xəsarət yetirərək onu öldürüb. Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istintaq aparılır. 

Sosial işçi Sənubər Heydərova ölkəmizdə artmaqda olan belə kriminal hallardan "Sherg.az"a danışarkən bildirib ki, artıq cəmiyyətimizdə ailə sistemləri və şəxsi həyatla bağlı dəyərlər dəyişməkdədir: 

"Cəmiyyət isə dəyişən bəzi dəyərləri qəbul edə bilmir. Hətta qəbul edənlər belə ümumi danışanda bunu inkar edirlər. Bizim insanların yaşamaq istədiyi həyat ilə qorumaq istədiyi dəyərlər üst-üstə düşmür. Burda şəxslərin özləri müdafiə etdiyi dəyərlərə əməl etmirlər. Amma bunu digərlərindən gözləyirlər. Nəticədə də belə faciəvi hadisələr baş verir. Götürək, elə nişanlısını qətlə yetirən bu oğlanı. O həm sevgilisinin onunla hər şey yaşamasını, həm də onun patriarxal düşüncəyə zidd addımlar atmamasını istəyib. Ziddiyyət burdadır. Amma belə şey olmur. Çünki artıq başqa dövrdür. Hislər, istəklər, düşüncələr tamamilə dəyişib. Burda günahkar özümüzük. Biz özümüzdə yaşamaq istədiyimiz dəyərləri müdafiə etmək cəsarətini tapmırıq. Deyirlər ki, əvvəllər bizim cəmiyyətdə belə hadisələr olmayıb. Əslində isə bizdə həmişə belə hallar yaşanıb. Ən çox zorlanma hadisələri adətən patriarxal dövlətlərdə baş verib. Biz də əvvəldən patriarxal Şərq ölkəsiyik. Sadəcə olaraq əvvəl sosial şəbəkələr, sosial media o qədər də populyar olmadığından belə xəbərləri daha az eşidirdik. Bu məsələlər həmişə evdə ört-basdır edilməklə həll olunurdu. Hazırda isə bunu etmək mümkün deyil. İnformasiya çox sürətlə yayılır" .

 Sosioloq diqqətə çatdırıb ki, Nizami rayonunda baş vermiş hadisədə zorlanmaya məruz qalan qız reabilitasiyaya göndərilməlidir. Ata isə qanun qarşısında cavab verməlidir:

 "Amma gəlin, görək ölkəmizdə bu cür insanların reabilitasiyasını təşkil edən hansısa bir təşkilat tapa bilərikmi?! Hansısa bir neçə özəl sığınacaq var ki, onlar da ailə tərəfindən dəstəklənməyən qadınları, uşaqları götürürlər. Orda psixoloqlar bu şəxslərlə bir neçə günlük iş görür. Sonra isə onları həmin ailələrə geri qaytarırlar. Bu reabilitasiya sayılmır. Prosesə bundan sonra nəzarət etmək lazımdır ki, həmin qız məhkəmə prosesində ata ilə üz-üzə gəlməsin. Amma biz zorlanma faktları ilə işləyəndə zorlanmaya məruz qalan şəxsin həm istintaq, həm də məhkəmə dövründə bir neçə dəfə zorakı şəxslə üzləşdirdiyini görürük. Çünki bizim məhkəmə orqanları hələ də dünya standartlarına cavab vermir". 
S.Heydərovanın sözlərinə görə, belə hadisələrdə cəmiyyət olaraq biz də günahkarıq:
 "Özümüzü elə aparırıq ki, sanki belə şeylər danışılmamalıdır. Utanırıq, öz hüquqlarımızı tələb etmirik. Bu cür olmağa davam etsək, daha sonralar belə faciələrə şahidlik edəcəyik. Biz bir sıra ölkələr kimi vəhşi patriarxalizmin qurbanı olduğumuzu qəbul etməli və buna qarşı mübarizə aparılıyıq".