İrana mesaj ötürüldü! – “Qərarını “yüz ölç,1 bir biç, əks halda...”

 “...İrandakı soydaşlarımızın vəziyyətini beynəlxalq ictimaiyyətə çıxarda bilərik. Bu, bizim hüququmuzdur”

“Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur”.
Bu sözləri ötən həftə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən deyib. Ölkəmizin başçısı qeyd edib: 

“Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.

Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov  “Sherg.az”a vurğulayıb ki, Prezident bu açıqlaması ilə İrana sətir altı mesaj ötürüb:

“Ölkə başçısı  İrana “sizdə yaşayan hər 10 vətəndaşdan 5-i bizim soydaşımızdır və biz onların problemləri ilə yaxından əlaqədar oluruq”deməklə , Ermənistanla açıq münasibət qurub, bizə qarşı aqressiv münasibət göstərərsə, ziyanlı çıxacağının xəbərdarlığını edir. Rəsmi Təbriz bundan nəticə çıxarmalı və Güney Azərbaycandakı 40 milyonluq soydaşımızın hər an Azərbaycanın müdafiəsinə qalxmağa hazır olduğunu dərk etməlidir. Biz bu müdafiənin ən yaxşı nümunəsinə 2-ci Qarabağ savaşında şahid olduq.Vətən müharibəsi zamanı İran, rus texnikalarını Ermənistana ötürən zaman, Güneyli soydaşlarımız bunun qarşısını aldı. Bu da onu göstərir ki, İrandakı soydaşlarımız da Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və onun siyasi kursuna ümid bəsləyirlər. Çünki onlar bütöv Azərbaycan ideyasının bir gün gerçəkləşəcəyini başa düşürlər.  İranın Azərbaycana qarşı ikiüzlu və aqressiv siyasət yürütməyə davam etməsi isə rəsmi Bakını tətbir görmək faktı qarşısında qoyur”.  

Ekspert qeyd edib ki, Cənubi Azərbaycan türkləri bizim qan qardaşlarımızdır və onlarla münasibətləri daha da dərinləşdirməliyik: 
“ Bu isə artıq bizim siyasi konsepsiyamızda yer alır. Ölkə başçısının səsləndirdiyi bu tezislər isə İranı atdığı addımlara fikir verməyə və qərarlarını “100 ölçüb 1 biçməyə” vadar edəcək. Əks halda biz İrandakı soydaşlarımızın vəziyyətini beynəlxalq ictimaiyyətə çıxarda bilərik. Bu, bizim hüququmuzdur. Prezidentin çıxışları isə bizə Azərbaycan hökumətinin ən yüksək səviyyədə Cənublu qardaşlarımızın qayğıları ilə maraqlandığından və onların rahat yaşamaları üçün bütün imkanlardan istifadə etməyi, özünə borc bildiyindən  xəbər verir”.