Qarşıda Akademiyanın nüfuzunu bərpa etmək, dünya elminə inteqrasiya kimi mühüm vəzifələr durur
"Daha elm məbədində əvvəlki kimi dedi-qodular, xoşagəlməz halları görmək istəmirik"
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər. Ümumi yığıncağın müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub. 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, elmi mərkəzlərin fəaliyyət istiqamətləri müəyyən olunub.
Akademik Arif Həşimov bildirib ki, Prezident “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixində Fərman imzalayıb. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb. Akademikin sözlərinə görə, elm və təhsil sahəsində əsaslı struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni Nizamnamə üç ay müddətində prezidentə təqdim edilməlidir. Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək yeni Nizamnamə layihəsini təqdim edib. Bildirib ki, yeni Nizamnamə Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Daha sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib.
Sonra akademik Arif Həşimov Ümumi yığıncağın gündəliyindəki növbəti məsələnin AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib və bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib. Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildiriblər, onun namizədliyini dəstəkləyiblər. Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.
İsa Həbibbəyli AMEA ilə bağlı gələcək planları açıqlayıb. Qeyd edib ki, qarşıda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur: "Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək". Deputatlıq mandatına gəldikdə isə İsa Həbibbəyli qeyd edib ki, hazırda bu, müzakirə mövzusu deyil.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə deyib ki, yeni Nizamnamənin təsdiqlənməsi, strukturların, vəzifə və hüquqların müəyyənləşməsi müsbət haldır. Alim ümid edir ki, dəyişikliklər həqiqətən AMEA-nın yeni üslubda formalaşmasına öz töhfəsini verəcək:
"Akademiya son illərdə yaşadığı böhrandan çıxaraq ancaq elm yolunda fəaliyyət göstərməli və inkişaf etməlidir. Bizim üçün vacib olan AMEA-dakı humanitar və ictimai elmlərin məhz elmi proseslərə cəlb edilməsidir. Daxildə və xarici miqyasda elmi uğurlarımızı, nailiyyətlərimizi artırmalıyıq. İsa Həbibbəylinin Akademiyanın yeni rəhbəri seçilməsi əslində gözlənilən idi. İsa müəllimin hər halda müəyyən xidmətləri olub. O, AMEA-nın yenidən təşəkkülündə, yeni dönəmdə bir sıra işlər görüb. Ümid edirik ki, İsa Həbibbəylinin Akademiyaya rəhbər seçilməsi müsbət nəticələr verəcək. İşin xeyirli olacağına inanırıq. Arzumuz odur ki, Akademiyada sözün həqiqi mənasında elmi mühit yaransın, elmi diskusiyalar müzakirə olunsun. Bundan sonra elm məbədində əvvəlki dedi-qoduları, xoşagəlməz halları görmək istəmirik".