Taxıl hara gedir, Rusiya sənəd istəyir

Ekspert bildirib ki, Moskva anlaşmanı uzatmamaq üçün ciddi bəhanələr axtarışındadır

  Taxıl böhranının qarşısını almaq üçün, Türkiyənin də vasitəçiliyi ilə yaradılmış taxıl dəhlizinə dair razılaşmanın müddəti 19 noyabrda bitəcək. Hulusi Akar deyib ki, Türkiyə "Taxıl sazişi"nin müddətinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, hətta Rusiya limanlarında olan taxılın da daşınması üçün müəyyən işlər görə bilərlər. Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva “Taxıl sazişi”nin uzadılması imkanlarını nəzərdən keçirməzdən əvvəl onun icrası ilə bağlı bütün suallara cavab gözləyir: 

"Biz ondan çıxış edirik ki, sazişin uzadılması məsələsinə baxılana qədər qeyd etdiyim bütün məsələlər qənaətbəxş şəkildə həll olunacaq”. Onun sözlərinə görə, Rusiya BMT-dən taxılın son istehlakçıya daşınması ilə bağlı statistik məlumat istəyib: "İyulun 22-də İstanbulda imzalanan “paket sazişi” çərçivəsində Ukrayna taxılının alıcıları ən yoxsullar sırasında olmayan ölkələrdir, ən yoxsul ölkələrə Qara dənizdəki limanları tərk edən yüklərdən yalnız kiçik bir pay gedib çatır. Ukrayna taxılının yarıdan çoxu Aİ ölkələrinə gedir. Bununla bağlı BMT-nin statistikası var. Biz həmkarlarımızı BMT Baş katibi ilə daha fəal işləməyə çağırdıq ki, onun paket sazişinin ilkin niyyəti, ən yoxsul ölkələrə kömək etmək üçün hədəfləmək istədiyi sövdələşmə reallaşsın".
  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Rusiya "taxıl dəhlizi"nin bağlanmasına çalışır. Ekspert bildirib ki, Moskva anlaşmanı uzatmamaq üçün ciddi bəhanələr axtarışındadır: "Ona görə də Rusiya israrla hesabat tələb edir, taxıl gəmilərinin Afrika ölkələrinə getmədiyini iddia edir və s. Astanada Rusiya Prezidenti V.Putin Türkiyə liderinə bununla bağlı öz narazılığını ifadə etmişdi. Ukraynanın uğurlu əks-hücumları Rusiyanın humanitar dəhlizləri bağlamaq istəyini daha da artırır. Əgər Xerson tamamilə ruslardan təmizlənərsə, Rusiya taxıl dəhlizini bağlamaq üçün əlindən gələni edəcək. Əlbəttə, Türkiyə bu anlaşmanın əldə olunmasında mühüm rol oynayıb və vasitəçiliyi olduqca önəmlidir. Ancaq Moskva Kiyevi danışıqlarda maraqlı olmamaqda, müharibəni davam etdirməkdə suçlayır. Ukrayna rəhbərliyi müzakirələrə yaxınlaşmazsa, Rusiya taxıl anlaşmasının müddətini uzatmayacaq".