Hər kəs mövqeyini ortaya qoya bilər


Qanunun müzakirəsi üçün geniş imkanlar yaradılıb

İslahatlar çərçivəsində ictimai-siyasi sektora dövlətin yeni baxışı formalaşıb

  "2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai-siyasi sektora dövlətin yeni baxışı formalaşdı". Bu sözləri "Şərq"ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, "QHT.az" saytının baş redaktoru Cəsarət Hüseynzadə deyib. QHT rəhbəri bildirib ki, əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatından ictimai-siyasi sektorda formalaşan qeyri-sağlam münasibətlər sistemi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı. 

Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformalarının yaradılmasına başlanıldı:

 "Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir. Qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərlərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricisidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü. Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası da fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır". 

  C.Hüseynzadənin sözlərinə görə, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib:

 "Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər. Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcək".