Buna xərclənəcək dörd milyard Azərbaycanın büdcə xərclərinin az qala üçdə biridir
"Tıxac probleminin həlli üçün hazırda beynəlxalq təcrübədə mövcud olan gözəl təcrübələr var və bunların hamısından istifadə etmək lazımdır"
"Bakı Xəzərin ortasında yox, sahilində yerləşir. Bizdə ancaq şəhərin bir başından digər başına dəniz avtobuslarından istifadə mümkündür"
Bakını tıxacdan xilas etmək üçün dəniz üzərində körpü tikintisi proyekti yenidən gündəmə gələ bilərmi? Bu günlərdə cəmiyyətdə ən çox müzakirə olunan bu sual ətrafında müzakirələr daha da ciddiləşib. Bu il Bakı yollarında tıxacların kəskin artması insanlarda ciddi narahatlıq doğurub.
Görəsən, Azərbaycanda dəniz nəqliyyatı yaratmaq üçün şərait varmı?
Hüquqşünas və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, dəniz üzərindən körpü salınmasına pul xərcləməyə dəyməz. Körpü, tunel, bunlar elə bir nəqliyyat kommunikasiyalardır ki, tikməklə bitmir. Bunu saxlamaq tikməkdən də baha başa gəlir. Xüsusilə də dəniz üzərində olan kommunikasiyalar daha çox vəsait tələb edir:
“Bakının nəqliyyat axınına diqqətlə baxsaq, yelpikvari axın olduğunu görərik. Səhər-səhər insanlar Abşeron kəndlərindən şəhərin mərkəzinə işə, məktəbə, alış-verişə gəlir, sonra da evlərinə qayıdırlar. Bunların çox az hissəsi şəhərin içindən keçib Salyana, Ələtə gedir. Bundan ötrü də körpü, tunel tikməyə dəyməz. Körpü üçün xərclənəcək dörd milyard Azərbaycanın büdcə xərclərinin az qala üçdə biridir. Onu birdəfəlik istismarı özündən də baha başa gələcək bir obyektə qoymaq heç kimə lazım deyil. Bu bizim qarşımızda duran o qədər də əhəmiyyətli bir məqsəd deyil”.
Ə.Hüseynov, ümumiyyətlə, tıxac probleminin həlli üçün dünya təcrübəsində tunel, körpü ideyasının bir o qədər də dəstəklənmədiyini deyib: “Tikilsə belə dəniz körpüsü yollardakı tıxac probleminin həllində əhəmiyyətli rol oynamayacaq. Tıxac probleminin həlli üçün hazırda beynəlxalq təcrübədə mövcud olan gözəl təcrübələr var və bunların hamısından istifadə etmək lazımdır. Əsas diqqət ona yönəlir ki, fərdi nəqliyyatdan istifadə minimuma endirilsin, ictimai nəqliyyat ideal olsun və yeraltı nəqliyyat işləsin. Tramvayları da şəhərdə bərpa etməyə dəyməz. Amma yüngül reysli nəqliyyatları şəhər ətrafına - Türkana, Hövsana, Pirallahıya və digər yerlərə şəbəkələşdirmək lazımdır ki, insanlar ictimai nəqliyyata üstünlük versinlər. Fərdi nəqliyyata ehtiyac az olsun. İnsanlar düşünsünlər ki, maşınla çıxıb benzin yandırmaqdansa, avtobus və metroyla gedib gəlmək daha rahat və sərfəli ola bilər. Amma bu gün üçün dəniz üzərindən körpü aktual deyil və buna pul xərcləməyə dəyməz”.
Xəzər dənizindən heç vaxt nəqliyyat infrastrukturunda istifadə edilmədiyini vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli isə “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafı üçün perspektivlər var, lakin müəyyən maneələr də mövcuddur:
“Dəniz üzərindən körpü salınması təklifini verənlər adətən İstanbul təcrübəsini misal gətirirlər. Halbuki, bu şəhər boğazda yerləşir. Nəqliyyat infrastrukturunda isə boğazlardan istifadə əsrlərə dayanan təcrübədir. Bakı isə Xəzərin ortasında yox, sahilində yerləşir. Bizdə ancaq şəhərin bir başından digər başına dəniz avtobuslarından istifadə mümkündür.
Müxtəlif yerlərdə dəniz dayanacaqları tikməklə, hətta onu cəlbedici iqtisadi aktiv bir məkana çevirməklə Xəzər dənizindən nəqliyyat vasitələri üçün də istifadə etmək mümkündür. Ən azından, Bakı bulvarı ərazisindən Əhmədliyə və yaxud da Zığ qəsəbəsinə dəniz dayanacaqlarını tikməklə bu istiqamətdə ilkin addım atmaq olar. Bu nəqliyyat növünün həyata keçirilməsi, düşünürəm ki, şəhərin nəqliyyat yükünün azaldılmasına xeyli töhfə verəcək. Düzdür, zaman baxımından sürəti az olsa da, amma məsələn, Bayraq meydanından, Şıxov və Bibiheybətdən Zığa qədər bir marşrutun fəaliyyət göstərməsi ən azından o bölgədən şəhərə gəlib-gedən insanların xeyli dərəcədə işini asanlaşdırar, şəhərə daxil olmadan dəniz yolu ilə rahat şəkildə mənzil başına çata bilərlər. Bu da eyni zamanda Bakı şəhərinin nəqliyyat sıxlığının aradan qaldırılmasında mühüm rol oynayar. Şimal və cənub regionlarımıza gəldikdə isə Bakıdan Xaçmaz, Lənkəran və Astaraya marşrutların təşkil olunması həm həmin ərazilərə dəniz vasitəsilə gediş-gəlişin təmin olunması, həm də maraqlı və cəlbedici turistik səfərlər baxımından önəm kəsb edəcək. Ancaq hər şeydən əvvəl dəniz suyunun dərinliyi və gəmilərin su tutumu araşdırılmalıdır. Bunun üçün də təcrübəli mütəxəssislər işə cəlb olunmalıdır”.
Ekspertin fikrincə, bu infrastruktur görüntü xatirinə yox, düşünülmüş şəkildə özəl sektorda təcrübəsi olan, bəlkə də elə türk şirkətlərinin vasitəsilə həyata keçirilməlidir: "Dövlət burada hansısa görüntü xatirinə işlər görəcəksə, bunun effekti olmayacaq. Necə ki, nəqliyyatın intellektual idarəetmə sisteminə 110 milyon manat vəsait ayrıldı, amma bir müsbət nəticəsi olmadı. Həmin vəsaitin necə xərclənməsi ilə bağlı bugünədək hesabat verilməyib”.
Tıxac probleminin konkret həlli yollarına gəldikdə isə iqtisadçı hesab edir ki, bunun fəlsəfi, qlobal həlli Bakının yükünün azaldılmasından keçir. Bakının infrastrukturu ilə əhali sayının adekvat olmadığını vurğulayan N.Cəfərli deyib ki, şəhərin infrastrukturu təxminən 2 milyon insan üçün nəzərdə tutulub. İndiki halda Abşeron yarımadasında 4 milyon insan yaşayır. Bu, ümumi əhali sayının az qala yarısıdır. Bunun qlobal həlli Bakıdan dövlət, hökumət orqanlarının bəzilərinin köçürülməsi, universitetlərin kənara yerləşdirilməsi, işğaldan azad olunmuş şəhərlərə normal, məntiqə uyğun və hesablanmış köçürmə əməliyyatlarının həyata keçirilməsidir. Bütün bunlar çarə ola bilər, Bakının yükü azalar”.