Vaxtı keçmiş məhsullar yenidən SATIŞDA...

"Alqoritmə uyğun olaraq, onlar mağazalarda toplanır. Distribüterə qaytarılır”

“Daha sonra istehlakçı şirkətə yönəldilir. Əksər halda istehlakçı şirkət məhsulları ayrı qablara doldurur, tarixini dəyişir, yenidən marketlərə verir”

“Bu dövriyyə illərdir, davam edir”


"AQTA-nın apardığı istehlaka yararsız məhsulların məhv edilməsi kimi analoji işlər dəryada bir damladır". Bu sözləri "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.Onun sözlərinə görə, hər gün on tonlarla ərzaq məhsullarının yararlılıq müddəti keçir:

"Alqoritmə uyğun olaraq, onlar mağazalarda toplanır. Distribüterə qaytarılır. Daha sonra istehlakçı şirkətə yönəldilir. Əksər halda istehlakçı şirkət məhsulları ayrı qablara doldurur, tarixini dəyişir, yenidən marketlərə verir. Bu dövriyyə illərdir, davam edir. Çox az istehlakçı şirkətlər öz mallarının ictimai məhvini həyata keçirmək istəyirlər. 

Təsadüfi deyil ki, 2 ay öncə AİB və AQTA istehsalçı şirkətin öz təşəbbüsü ilə 100 tondan artıq malın Sumqayıt poliqonunda məhv olunmasında iştirak edib. Çox az miqdarda belə şirkətlər var.  Təəssüf ki, digərləri onlara qoşulmurlar. Vaxtı keçmiş mal birbaşa mağazadan məhvetmə poliqonuna getməlidir. İstehlakçı hüquqlarını qoruyan qanunların zəif olduğu bir şəraitdə belə məhsullar çoxdur. Düşünürəm ki, xüsusi bir Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılmalıdır. O, gündəlik AQTA-nın təşəbbüsü ilə vaxtı keçmiş malları yığıb, məhv etməli, yaxud da başqa bir məhsula çevirməlidir. Təəssüf ki, bu proseslər Azərbaycanda görülmür". 

Qeyd edək ki, yeddi tondan artıq istehlaka yararsız və istehsal müddəti bitmiş məhsullar məhv edilib. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.