"Havadan barıt qoxusu gəlir"

Siyavuş Novruzov: "Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun" 

"Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya fərman göndərir. Belə dövrdə təkcə hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosial-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir"

  Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda hökumət nümayəndələrinin iştirakı ilə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. Deputatlar büdcə müzakirəsi zamanı çoxsaylı məsələlərdən danışıblar, uğurlarla yanaşı, problemləri də gündəmə gətiriblər. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, səhiyyə xərclərində əhəmiyyətli artım nəzərdə tutulur. Deputat bildirib ki, icbari tibbi sığortadan əhalinin məmnunluğu artır: “Ancaq bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb. Onlar arasında onkoloji xəstəliklər, autizmli  və s. də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur”.

"Qusarda qazlaşdırılmış kəndlərin məktəblərində odun və torf yandırılır"

  Deputat Azər Badamov bildirib ki, Qusar rayonunun cəmi 57 faizi qazla təmin olunub. Onun sözlərinə görə, son 4 ildə Qusar rayonunda qaz çəkilişi həyata keçirilməyib: "Digər problem qazlaşdırılmış kəndlərdə məktəblərin qızdırılmaması ilə bağlıdır. Təsəvvür edin ki, qazlaşdırılmış 12 kənddə məktəblərin qazanxanası yoxdur. Məktəblərdə sinif otaqlarında odun və torf yandırılır ki, bu da normal iş mühitinin davam etdirilməsini çətinləşdirir. Düşünürəm ki, bu məsələnin həlli elə də böyük maliyyə tələb etmir”. 

"Zabit və əsgərlərin ödənişləri 20 deyil, 50 faizə qədər artırılsın"

  Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, gələn ilin büdcə layihəsi Vətən müharibəsində qələbəmizi möhkəmləndirir. Murovdan Arazadək 400 km-dən artıq, o cümlədən, İranla 132 km-lik sərhəddə güclü hərbi müdafiə sistemi qurmağa, o cümlədən gələn ilin müharibə provokasiyalarına qarşı ordunu gücləndirməyə imkan verir: "Təklif edirik ki, yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir”. Z.Oruc deyib ki, 16 noyabr 2020-ci il tarixi müstəqilliyimizin 30 ilində Qələbə təqviminin növbəti parlaq günüdür: “Prezidentin imzaladığı Böyük Qayıdışa dair I Dövlət Proqramı tarixi qərardır. Təklif edirik ki, 19 iyul 2022-ci ildə Ağalıdan başlanan yurda dönüş Böyük Qayıdış günü kimi rəsmiləşdirilsin və dövlət protokoluna daxil edilsin. Bununla bərabər, Hökumət Xankəndi və ətraf 3 bölgədə yeni səngər və təmas xətti quranlara qarşı yalnız hərbi vasitələrlə deyil, ermənilərin Azərbaycan cəmiyyətinə dönüşü və birgəyaşayışına dair planlarını açıq elan etməklə cavab versin”. Deputat qeyd edib ki, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 2 faizədək azalma, 60 yaşdan yuxarı əhalinin sayında 65 faiz artım var: "Əhalinin demoqrafik qocalması baş verir. Ona görə də Böyük Qayıdışı həm də demoqrafik artıma çevirməkdən ötrü işğaldan azad edilmiş torpaqlarda doğulan uşaqlara yeni dövlət ödənişləri-Qələbə müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin, mühüm siyasi qərar olardı. Dayanıqlı məskunlaşma, böyük ailələrin gələcək daxili miqrasiyasının qarşısının alınması hökumətin qərarlarından asılıdır”.

"Özəlləşdirmə sürətləndirilməlidir"

  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, hökumət hara nə qədər pul xərcləyəcəyini əvvəlcədən proqnozlaşdıra bilmir. Deputat bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezident İlham Əliyev təsdiq edib: “Amma büdcədə bu işlərə nə qədər vəsait xərclənəcəyi açıqlanmır. Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, büdcəyə dövlət şirkətləri tərəfindən ödənilən vergilər çox azdır. Özəlləşdirmə sürətləndirilməlidir”. Deputat qeyd edib ki, 65 yaşa qədər olan kişilərin sayı 47 faizə çatır: “Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər. Digər tərəfdən, Vergi Məcəlləsinə vergi güzəştləri ilə bağlı dəyişikliklərə baxıram, burada uşaq geyimləri, uşaq yeməkləri yoxdur. Elektromobildənsə biz bunlara vergi güzəştləri tətbiq etməliyik”.

  Deputat İlham Məmmədov bildirib ki, Yevlax şəhərini 27 kəndlə birləşdirən körpü yararsız vəziyyətə düşüb. Onun sözlərinə görə, Yevlax rayonunun 17 kəndində subartezian quyuları və təmizləyicilər ümumiyyətlə yoxdur: “Yevlaxda 1895-ci ildə inşa olunmuş körpü yararsız vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi həmin körpünün tam qəzalı olmasını müəyyən edib. Bu, 27 kəndin Yevlax şəhəri ilə əlaqəsinin tam kəsilməsi deməkdir”.

"Ünvanlı sosial yardımı ləğv edib, uşaqpulu vermək lazımdır"

  Millət vəkili Tahir Kərimli bildirib ki, uşaqpulu məsələsi ilə bağlı sistemli dəyişiklik etmək lazımdır: Ünvanlı sosial yardımdan hamı narazılıq edir. Buna görə də hamının razı qalması üçün uşaqpulu vermək lazımdır. Deputat dağ kəndlərində, rayonlarında qaz limitinin ləğv olunmasını da təklif edib.

"Havadan barıt qoxusu gəlir"

  Deputat Siyavuş Novruzov deyib ki, Milli dirçəliş və milli azadlığa gedən yol ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu proses məhz Azərbaycanın müstəqilliyinə gətirib çıxarıb. Onun sözlərinə görə, bu gün Türkmənçay müqaviləsindən sonra 200 illiyi ərəfəsində Ali Baş Komandan İlham Əliyev yeganə şəxsdir ki, şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda və digər yerlərdə divarlara vurulub: "Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır. Cənublu qardaşlarımıza demək istəyirəm ki, bu fatehlik təkcə Qarabağla bitməyəcək, onun fatehliyindən çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edən vaxt dünyada baş verən hadisələr içərisində kiçik məsələlərə getməyib qlobal məsələləri ortaya qoymalıyıq. Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir. Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun. Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya fərman göndərir. Belə dövrdə təkcə hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosial-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir. Bu da qlobal məsələlərdən biridir ki, bunları həll etməliyik. Hökumətlə bir yerdə bir yumruq kimi bir yerə vurmalıyıq, hökumətin fəaliyyəti dəstəklənməli, lazımi qanunlar qəbul edilməlidir”.

"İnternat evlərindən məhrum olan uşaqlar ev, işlə təmin olunmalıdır"

  Deputat Hicran Hüseynova internat evlərini tərk edən uşaqların iş problemini qaldırıb: "İnternat evlərindən məhrum olan uşaqların ev, işlə təmin olunmasına diqqət çəkmək istəyirəm. Məsələn, qardaş Türkiyədə internat evlərini tərk edən uşaqları işlə təmin edən şirkətlərə vergi güzəştləri tətbiq olunur. Təklif edirəm ki, aidiyyəti orqanlar proqram hazırlayıb təqdim etsinlər ki, dövlət büdcəsindən vəsait ayrılsın”. 

  Deputat Məlahət İbrahimqızı deyib ki, dövlət proqramı çərçivəsində Türkiyədə təhsil alan tələbələrin təqaüdü artırılsın: “Bu təqaüd o qədər aşağıdır ki, mən onu səsləndirməyi özümə sığışdırmıram. İkincisi, təhsil almağa gedən hərbi zabitlərlə bağlı problemlər də var. Hökumət üzvlərinə bu problemlərin həllinə diqqət göstərməsini təklif edirəm”.

  Deputat Eldar Quliyev Bakı kəndlərində qəbiristanlıqların çatışmadığını qeyd edib: “Dəfələrlə mənə ağsaqqallar müraciətlər ediblər. Bakı kəndlərində qəbiristanlıqlar çatışmır. Bu məsələ ilə bağlı hökumətdən boş qalan əraziləri qəbiristanlıq kimi istifadəsinə icazə vermələrini istəyirlər. Bu çox ciddi problemdir və bu problemin həll edilməsinə köməklik göstərməyinizi istəyirəm”.