“Amma ermənilərin kompakt yaşadığı Cavaxetiyada “Gürcü Arzusu”nun qalib gəlməsi, şəxsən məni təəccübləndirdi”
“Onlar mütləq nəsə bir məqsəd güdürlər. Rusiya da zahirən sakit görünürdü, lakin təbii ki kəşfiyyat işləyirdi”
Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası səs çoxluğu əldə etdi. Bu, Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursu dəstəklədiyini göstərdi. Sevindirci olan həm də hakim partiyanın tarixi torpaqlarda yaşayan azərbaycanlıların sıx məskunlaşdığı Borçalı bölgəsində yüksək səs toplamasıdır. Bu təsdiq edir ki, Gürcüstanda yaşayan soydaşlarımız seçkilərdə aktiv iştirak edib.Seçkilər bitsə də, siaysi vəziyyət hələ də tam aydın deyil. Gürcü blogerlər parlamentin formalaşmasında çətinlik yaranacağını, “Gürcü Arzusu”nun parlamentdə arzuladığı səs çoxluğunu əldə edə bilməyəcəyini yazır.
Əslən Bolnisidən (Bolus – Çörük Qəmərli) olan həkim-pediatr Vaqif Qarayev Gürcüstanda həm seçkiöncəsi vəziyyəti, həm də seçkiləri diqqətlə izləyən soydaşlarımızdandır. Sosial şəbəkələrdə aktivliyi ilə tanınan həkim, paylaşdığı statuslarda vətəndaş mövqeyini bildirir.
“Sherg.az”a açıqlamasında V.Qarayev seçkiöncəsi səsləndirilən bədbin proqnozların doğrulmadığından sevindiyini açıq bildirdi:
- Gürcüstanda seçkilər 1 ildir gündəm mövzusudur. Rusiya da maraqlanırdı seçki ilə, Avropa da. Gürcüstan parlamenti xarici agentlərlə bağlı və xarici ölkələrdən qrant alınmasını qadağan edən qanunu qəbul etdi, Avropa hökuməti tənqid etdi. Amma gürcülər Gürcüstanın Avropa deyil, Qafqaz ölkəsi olduğunu və öz adət-ənənələrinə sadiq qaldığını sübut etdi. Hərçənd, ABŞ-də də belə bir qadağa var, lakin Avropa qurumları hökuməti sərt tənqid edirdi, bəyanatlar verirdilər, alternativ fikirliliyi müdafiə edirdilər. Seçkilər belə qarışıq bir zamanda keçirildi. Seçkiöncəsi debatlarda çox bədbin proqnozlar səslənirdi; inqilab olacaq, vətəndaş itaətsizliyi, qarşıdurma gözlənilir... Çox sevindim ki bunların heç biri olmadı. Gürcüstanda parlament seçkiləri sakit, qarşılıqlı hörmət şəraitində keçdi. Heç bir təzyiq olmadı. Gürcüstan vətəndaşları rahat bir şəkildə seçkidə iştirak etdilər, səslərini verdilər. Müxaifət də, hökumət də bir-birinə hörmətlə yanaşır, nəticələri tanıdıqlarını bildirirlər. Seçkinin sakit, qarşıdurmasız keçməsi məni sevinidirir. Amma vəziyyət hələ tam aydınlaşmayıb. Çünki hökumətin proqnozu düz çıxmadı. Seçkidə əzici üstünlük olmadı. “Gürcü Arzusu” səsçoxluğu əldə etsə də, hazırda parlamentdə deputat sayı çatmır. Belə vəziyyətlərdə koalisiya hökuməti qurulmalıdır, amma müxalifət parlamentdə iştirak etmək istəmir. “Gürcü Arzusu”nun yetərli deputat sayı olmadığından təkbaşına hökumət qura bilməz. Belə çaş-baş vəziyyətdir. Bəzi gürcü blogerlər yazır ki, təkrar seçkilərə gediləcəyi ehtimalı var. Nə olacaq, necə olacaq, hələ ki dəqiq bilinmir. Təkrar seçkilərdə hökumətin yenidən səs çoxluğu qazanacağı ehtimalı böyük deyil. Hazırda hökumət dini ideologiyanı irəli verməyə çalışır, çünki gürcülərdə dini və millətçilik ideologiyası möhkəmdir. Görək, nə olacaq. Dəqiq görünən budur ki parlament seçkilərində kardinal dəyişiklik olmadı. Hökumət öz yerində qaldı, müxalifət də öz yerində.
V.Qarayev Borçalı mahalının seçkilərdə aktiv iştirakı məsələsinə də toxundu:
- Borçalının parlament seçkilərində fəal iştirakı və “Gürcü Arzusu”nun ən çox səsi məhz Borçalıda toplaması, gözlənilməz deyil. Bizimkilər həmişə hökumətə səs veriblər. Amma ermənilərin kompakt yaşadığı Cavaxetiyada “Gürcü Arzusu”nun qalib gəlməsi, şəxsən məni təəccübləndirdi. Onlar mütləq nəsə bir məqsəd güdürlər. Rusiya da zahirən sakit görünürdü, lakin təbii ki kəşfiyyat işləyirdi. Rusiyanın mövqeyi aydındır, istəmir Gürcüstan Avropaya inteqrasiya etsin. Bilirsiz, Saakaşvili dönəmində Rusiya ilə vəziyyət gərginləşdi, sərhədlər bağlandı, insanlar ticarət apara bilmədilər. Belə vəziyyət hər zaman əhalinin dolanışığına mənfi təsir göstərir, vətəndaşlar narazı qalır. Gürcü gəncləri isə artıq Avropanı görüb, avropalı dünyagörüşünə sahibləniblər, fərqli düşünürlər, fərqli düşüncəyə malikdirlər. Bunlar da seçkinin nəticələrinə təsirini göstərir. İndi Avropa qurumlarından müəyyən bəyanatlar gəlir, nöqsanların aradan qaldırılması tövsiyə edilir. Bu, onsuz da həmişə belə olub. Əsas odur ki, sanksiyalar olmasın. Çünki istənilən sanksiya ilk növbədə əhalinin güzəranına mənfi təsir edir. Fikrimcə, qonşu dövlətlərlə münasibətləri normal, dostyana saxlamaq lazımdır. Kiminləsə düşmən olmaq lazım deyil. Mən istəyirəm sakitlik olsun, hökumət də verdiyi vədləri yerinə yetirsin. Amma nəylə yerinə yetirəcək, bu da sual doğurur. Hər halda, vəd vermisənsə, yerinə yetirməlisən.