Hələ də sənədsiz evlər çoxdur - Deputatdan ÇAĞIRIŞ


Millət vəkili problemin həllinə çağırır
  Parlamentin ötən gün keçirilən iclasında yenə sənədsiz evlərlə bağlı məsələ qaldırılıb. Deputat Kamran Bayramov deyib ki, xüsusilə, paytaxtda belə evlər çoxluq təşkil edir. Parlament üzvü bildirib ki, bu problem Prezident İlham Əliyevin diqqət mərkəzindədir: “2011-ci ildə keçirilən müşavirədə prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə tapşırıq vermişdi. Həmin tarixdən etibarən hökumət tərəfindən bir sıra tədbirlər görülüb. 2015-2019-cu illərdə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. Həmin dəyişikliklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Bu fəaliyyət davam etdirilməlidir. Hələ də sənədsiz evlər çoxdur. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesinə başlanılıb. Təəssüflər ki, bu proses 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən müəyyən ləngimələr olub. Ümid edirəm ki, bu proses davam etdiriləcək. Sənədsiz evlərin sənədləşdirilməsi bir çox problemlərin həllinə kömək edə bilər. Bu, daşınmaz əmlak bazarını canlandırar".