Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, mobed idarə edənlər, əsasən, sürücülük vəsiqəsi və təcrübəsi olmayan gənclərdir.
"Hətta 15-16 yaşlı vətəndaşların da həmin nəqliyyat vasitələrini idarə etdiyinin şahidi olmuşuq. Moped istifadəçiləri yolun sağ zolağı ilə hərəkət etmək əvəzinə, sol və ya orta zolaqda hərəkət etməklə qəza vəziyyəti yaradırlar. Mopedlərlə kuryer fəaliyyəti göstərən sürücülərin tez-tez yol hərəkəti qaydalarını pozmasının şahidi oluruq. Bəziləri işıqforun qırmızı işığından keçir, bəziləri də yollarda digər avtomobillər üçün qəza şəraiti yaradırlar.
Təyinat nöqtəsinə tez çatmaq istəyən gənclər sürət həddini, eləcə də digər qaydaları pozur və nəticədə qəzalar baş verir. Mopedlərə ya dövlət nömrə nişanı, ya da xüsusi identifikasiya nömrəsi təyin edilməlidir ki, onlar icbari olaraq sığortalana bilsinlər. Belə olan halda icbari sığorta haqqı ödəyən sürücülər qəza törətdikdə məsuliyyətə cəlb edilə biləcəklər”.
Ekspertin sözlərinə görə, “Yol hərəkəti haqqında” beynəlxalq konvensiyada kiçikhəcmli motorlu mopedlər qeyri-mexaniki nəqliyyat vasitələri hesab olunduğundan onlar üçün sürücülük vəsiqəsi nəzərdə tutulmur. Ancaq buna baxmayaraq, qonşu Rusiya da daxil olmaqla dünyanın əksər ölkələrində bu nəqliyyat vasitələri ilə bağlı hüquqi tənzimlənmə mövcuddur: “Kiçikhəcmli motorlu mopedlərin dövlət qeydiyyat nişanı və sürücülərinin sürücülük vəsiqəsi olduğu təqdirdə bu kimi halların qarşısı alınacaq.
Həmin mopedlərə dövlət nömrə nişanı verilməsə belə, identifikasiya nömrəsi verilməlidir. Bunlar olduqdan sonra moped sürücüləri daha məsuliyyətli davranacaqlar. Bu gün moped sürücüləri heç bir məsuliyyət daşımırlar. Mopedlərin uçotu aparılmalıdır. Yol hərəkəti davranışlarının düzgün nizamlanması və təhlükəsizliyin təmin edilməsi üçün sürücülər belə qaydalara əməl etməlidirlər.
Onlar bilməlidirlər ki, yalnız yolun sağ zolağı ilə hərəkət etməlidirlər. Heç bir halda yolun hərəkətli hissəsinə - sağ və orta zolağına çıxmaq olmaz.
Belə sadə qaydalara əməl edilərsə, moped kimi alternativ nəqliyyat vasitələrindən istifadənin genişlənməsini müsbət qarşılamaq olar. Qaydalara əməl olunarsa, həmin nəqliyyat vasitələrindən, eləcə də velosipeddən vətəndaşların geniş istifadə etməsi məqbul sayıla bilər.
Bu, yollarda baş verən ümumi qəzaların sayının azalmasına, tıxacın qismən aradan qaldırılmasına səbəb ola bilər".