İmza atanlar yaxşıca fikirləşməlidir

Bundan sonra "beh" müqaviləsi elektron qaydada tərtib olunacaq

Ramin Osmanlının sözlərinə görə, "beh" müqaviləsinin rəsmiləşdirilməsi ilə prosedurlar asanlaşacaq


  Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi proseduru dəyişir.
  Bu barədə məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb.
  Dəyişikliyə əsasən, daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. 

Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunacaq. Həmçinin layihəyə əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq ediləcək.

  Behin notariat qaydada təsdiqlənməsini şərh edən ekspertlərin fikrincə, "beh" müqaviləsi elektron qaydada tərtib olunaraq daşınmaz əmlakın reyestr xidmətində əksini tapmış olacaq. Əvvəllər isə beh notarial qaydada, yəni sənəd üzərində olurdu, amma daşınmaz əmlakın reyestrində bu sənəd əksini tapmırdı.

Dəyişikliklərlə reyestrda mənzil üçün behin verildiyi və bunun üçün ər-arvadın razılıqlarının olduğu görüləcək. Belə olan halda sonrakı prosesdə sənədlərin hazırlanması üçün baza da yaradılmış olacaq. 
Əmlak məsələləri üzrə ekspert Ramin Osmanlının sözlərinə görə, "beh" müqaviləsinin rəsmiləşdirilməsi ilə prosedurlar asanlaşacaq və kimsə behi verib, sonradan geri almayacaq və beh verən tərəf bu müqaviləyə imza atmazdan əvvəl daha çox götür-qoy edəcək.
Çünki beh verən tərəf bu öhdəliyi pozacağı halda qarşı tərəfə əlavə vəsait ödəməli olacaq. Uzun illərdir ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda müəyyən addımlar atılır: "Düşünürəm ki, bu dəyişikliklər prosesin bir qədər də asanlaşmasına kömək edəcək. Beh müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır”.