Azərbaycan ictimaiyyəti "Odda - İki bacı" filmini boykot etməkdə haqlıdır
Anti-Türkiyə mövzusunda lentə alınmış "Odda - İki bacı" ("Sisters apart") filmi ilə bağlı gərginlik davam edir. Bakı kinoteatrları alman əsgərlərin İraqda kürd qadın döyüşçüləri İŞİD-ə qarşı mübarizəyə hazırlamasından bəhs edən filmin nümayişindən imtina edib.
Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi isə filmi gələn həftə "Landmark"da nümayiş etdirmək niyyətində olduqlarını bəyan ediblər. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb. Səfirliyin bu bəyanatı insanlarda daha da qıcıq doğurub. Ölkə ictimaiyyəti tərəfindən Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hər hansı bir məkanda nümayişinin yolverilməz olduğu bildirilib.
Həmçinin bir qrup insan filmin nümayiş etdiriləcəyi elan olunmuş “Landmark”ın qarşısına toplaşaraq, Türkiyə əleyhinə hazırlanmış filmin nümayiş etdirilməsi təşəbbüsünə kəskin etirazlarını bildirib. Onlar əllərində tutduqları plakatlarla Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarlarını səsləndiriblər.
Qeyd edək ki, sözügedən film bu sözlərlə anons edilib:
“Almaniyanın Bakıdakı səfirliyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sizi film nümayişinə dəvət edir.
Rojda əslən kürddür və alman ordusunda əsgər kimi xidmət edir. Anası İraqdan qaçır və bacısı orada itkin düşəndə o, bacısını axtarmaq üçün təyinatını köhnə vətəninə saldırır. İraqda o, yoldaşları ilə birgə kürd peşmərgə döyüşçülərinə təlim keçir. Birdən-birdə isə o özünü döyüşün ortasında tapır və qərar verməli olur...”.
İctimai qınaq öz nəticəsini göstərib. Almaniyanın Azərbaycandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyinin filmin nümayişi ilə bağlı təşəbbüsü kəskin etirazla qarşılandığından geri addım atılıb. Türkiyə əleyhinə məqamların yer aldığı “Odda - İki bacı” filminin Bakıda nümayişi baş tutmayacaq.
Almaniyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, film haqqında yanlış təəssürat yaranıb. Bu filmin səhv anlaşılmaması üçün filmi nümayiş etdirməmək qərarına gəldik: “Filmdə uzun illərdir bir-birindən ayrı düşmüş iki keçmiş miqrant olan bacının şəxsi hekayəsindən bəhs olunur. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. "Landmark" kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda - İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdu. Nəzərinizə çatdırmaq istəyirik ki, "Landmark" kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil”.
Maraqlıdır, PKK terrorçusunu qəhrəmana çevirən "Odda - İki bacı" filmi ilə kimlər nə demək istəyir?
Politoloq Asif Nərimanlının sözlərinə görə, “Odda - İki bacı” filmində təkcə alman əsgərlərin İraqda kürd qadın döyüşçüləri İŞİD-ə qarşı mübarizəyə hazırlamasından bəhs etməsi məqamı göstərir ki, filmin nümayişində hədəf Azərbaycan tamaşaçısında PKK-ya rəğbət yaratmaqdır: “İraqda, eləcə də Suriyada “kürd döyüşçülər” və İŞİD amili Qərbin PKK-nı legitimləşdirmək təbliğatının tərkib hissəsidir: PKK-çıları terrorçu yox, “azadlıq döyüşçüləri” adlandırır və İŞİD terroruna qarşı mübarizə apardıqlarını deyirlər, bu gün PKK-nın Suriya qanadı olan PYD/YPG ilə ABŞ-nin müttəfiqliyi də buna əsaslanır. Bu təbliğatla həm də Qərbin terrorçulara yox, terrorizmə qarşı döyüşənlərə dəstək verdiyi fikri aşılanır. “Sisters apart” filminin ümumi məğzi də PKK-nı legitimləşdirməkdən ibarətdir. Film Avropa İttifaqı film festivalı çərçivəsində göstəriləcəkdi, lakin kinoteatrlar imtina edib. İndi Almaniya səfirliyi Türkiyəyə qarşı olan filmi dekabrın 5-də “Landmark”da nümayiş etdirməyi planlaşdırır”.
Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov isə hesab edir ki, ilk baxışdan qeyri-siyasi mövzular vasitəsilə məqsədyönlü şəkildə siyasi təbliğatlar dünyanın hər yerində tez-tez baş verir: “Beyin mərkəzləri kütlələri müəyyən dövlətlərin, ayrı-ayrı qrupların obyektinə çevirmək üçün son zamanlar daha çox "mədəni tədbirlərdən" istifadə edirlər. Bu təbliğat vasitələrindən biri də filmlərdir. Məsələn, bu yaxınlarda Almaniya səfirliyi tərəfindən "Odda - İki bacı" filminin Bakıda nümayişi nəzərdə tutulub. Sual olunur. Kürd terrorçuluğu haqqında çəkilən bu filmin göstərilməsinə cəhdin məqsədi nədir? "Landmark"da dekabrın əvvəli baş tutmalı olacaq bu filmi boykot etmək lazımdır”.
Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, 21-ci əsr film sektoru həm də ölkələrin yumşaq güc siyasətinin bir parçasıdır. İlk baxışdan təhlükəsiz görünən bir çox film əslində ərsəyə gətirən ölkənin siyasi maraqlarına xidmət edir. Belə ölkələrdən biri də Almaniyadır: “Almaniyanın Bakıdakı səfirliyi Aİ Film Festivalı çərçivəsində Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “Landmark”da "Odda - İki Bacı" filminin nümayişini təşkil etməyi planlaşdırır.
Film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir. Bu kontekstdə filmin nümayişi açıq şəkildə həm terrorun təbliği, həm də qardaş Türkiyəyə qarşı atılan addımdır.
Ümumiyyətlə, səfirlik və Aİ-nin buradakı ofisi gah LGTB ilə bağlı təbliğat aparır, gah da terrorizm. Rəsmi Berlinin Bakıdakı səfirliyi vasitəsilə açıqca PKK/YPG terror təşkilatına dəstək nümayiş etdirməsinə icazə vermək olmaz. 27 ildən artıq erməni terrorundan əziyyət çəkən bir xalq olaraq terrorun hər cürünə qarşı çıxmalıyıq”.