Əlisa Nicatın görkəmi, durumu sosial şəbəkədə gündəm oldu
Bu ölkədə vicdanla, ləyaqətlə, əyilmədən ədəbiyyatla, sənətlə məşğul olmağın sonu budur
Naşir Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında “Qanun” nəşriyyatına gələn yazıçı Əlisa Nicatın fotolarını paylaşıb.
Yayılan fotodan görünür ki, sənətkar qatbaqat geyinib. Belə qalın geyinməsinin səbəbini soruşanda 87 yaşlı yazıçı deyib ki: “Ev soyuqdur. Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm”.
Daha sonra “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu və onun xanımı, “Əli və Nino” şəbəkəsinin sahibi Nigar Köçərli böyük ziyalı, 87 yaşlı Əlisa Nicatın yaşadığı ünvana baş çəkib. Yazıçının məskunlaşdığı yarımtikilidə şərait bərbaddır, istilik sistemi yoxdur, o, kitablarla dolu otaqda qış paltarında oturur.
Ş.Xuduoğlu bildirib ki, Ə.Nicatın evinə ustalarla birgə gəlib, onlar istilik sistemini layihələndirib quraşdıracaqlar.
Qeyd edək ki, sosial şəbəkə üzərindən yazıçıya maddi dəstək kampaniyası təşkil olunub.
1970-ci ildən AYB üzvü olduğunu xatırladan yazıçı Əlisa Nicat ötən 50 il ərzində Birlikdən 1 manat belə xeyir görmədiyini deyib. "Rəsul Rza ilə aramdakı konfliktdən sonra Anar da məndən incimişdi. Onunla heç bir əlaqəm yoxdur. Adımı belə çəkməyib. 100-dən çox kitab müəllifiyəm, mənə təqaüd verilmir. 1 şeiri çap olunan şair, 1 hekaəsi çap olunan yazıçıya prezident təqaüdü verirlər. Bununla bağlı Prezident Administrasiyasına müraciət etsəm də, bir xeyri olmadı. 270 manat pensiya ilə dolanıram. Təbii olaraq kommunal xərcləri çatdıra bilmirəm. 120 manat işığa, 60-70 manat da suya borcum var. Qaz isə kartla olduğu üçün pul olmayanda soyuqda qalırıq".
Məsələ sosial şəbəkə və ictimaiyyətin gündəminə çevrilib və geniş müzakirələrə səbəb olub. Fikirlər haçalanıb. Bir qrup Əlisa Nicatın həyat şəraitinin aşağı olmasında Mədəniyyət Nazirliyini və Azərbaycan Yazıçılar Birliyini günahlandırıb. Digərləri isə bu cür paylaşımları Ə.Nicatın üzərindən reklam qazanmaq kimi qiymətləndirib.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, 100 kitab müəllifi, 87 yaşlı yazıçı-filosof Əlisa Nicatla bağlı sosial mediada gündəmə çevrilən paylaşımlar çox üzücüdür: “Azərbaycan Yazıçılar Birliyinin ən məhsuldar, ən yaşlı üzvlərindən birinin taleyi!
Xatırlayıram ki, AYB katibi, hörmətli yazıçımız Çingiz Abdullayev jurnalistin ictimai vəsaitlərlə bağlı sualına "utanmaqdan ölmürsənmi" cavabını vermişdi.
İndi gündəm olan müzakirələrdən, fotodan görsənir ki, utanmalı vəziyyət, utanmalı olanlar fərqliymiş.
Kitaba olan münasibət, ziyalıya olan münasibət, müstəqil düşüncə sahibi olan filosofa münasibət indi onun yaşadığı otaqdakı kimi "soyuq" olmalı deyil.
Ümid edirəm AYB, Mədəniyyət Nazirliyi, hökumət bunun fərqindədir və bütün ömrünü kitaba, ictimai fikrin formalaşmasına həsr edənlərin taleyinin bu formada bitməsinə imkan verməyəcək”.
Yazıçı Cəlil Cavanşir isə deyib ki, 87 yaşlı, 100 kitab müəllifi Əlisa Nicat qaz pulunu ödəyə bilmədiyi üçün gün ərzində evində cəmi 2-3 saat qaz yandırır: “Bu dövlət, bu xalq, bu millət yazıçısına sahib çıxa bilmir. Başqa bir izahı yoxdur, ola bilməz. Bu ölkədə vicdanla, ləyaqətlə, əyilmədən ədəbiyyatla, sənətlə məşğul olmağın sonu budur. Bəlkə də gənclərimizin çoxu bu aqibətdən qorxub sındı.
Mədəniyyət Nazirliyinin rüşvətxorlarının yediyi tender pullarından bir az ayırıb ədəbiyyat və mədəniyyətə illərdir xidmət edən Əlisa Nicat kimi söz adamına da dəstək olmaq olardımı? Məncə, olardı”.
Gənc şair Ulucay Akif öz yazısında Əlis Nicatı tanıyandan elə bu paltarları geyindiyini deyib. Onun sözlərinə görə, Ə.Nicat ölkənin ən dəyərli yazıçılarından biridir, filosofdur, tərcüməçidir, düşüncə adamıdır, mütəfəkkirdir. 100-dən çox kitabın müəllifidir:
“100-dən çox kitab müəllifinin vəziyyətinə baxın. Adam öz dili ilə deyir ki, evdə qazı 2-3 saat işlədir ki, çox pul yazmasın, çünki sonra qazpulunu ödəyə bilmir. Adam deməyə söz tapmır, amma mənim deməyə 2-3 kəlmə sözüm var. Niyə bu yazıçıya kömək etmirlər? Nə böyük məsələdir aylıq 400-500 manat yardım məqsədli qonorar ayırmaq? Lap olsun 300 manat.
Mədəniyyət Nazirliyi hara baxır?
Milyonlar yeyən nazirlər, müavinlər, şöbə müdirləri var. Görmürük? Dövlət özü göstərir də. Xırda məmurlar da milyonlar yeyir.
Üzvü olduğum Azərbaycan Yazıçılar Birliyi niyə kömək eləmir? Aylıq 200-300 manat qonorar nədir ki, Əlisa Nicata ayrılmır? Axı Əlisa Nicata verməyə təqaüd tapıla bilər. Bunun üçün böyük tədbirlərə-filan ehtiyac yoxdur…
Və mənə görə, yazıçıya bu cür münasibətin göstərilməsi elə birbaşa sıravi insanların, xalqın yazıçıya olan münasibətindən qaynaqlanır.
Görün heç hansısa yazıçının bu cür problemi Azərbaycan xalqını narahat edər? İndiyə kimi belə şey olub? Heç vaxt!
Azərbaycanlılar heç yazıçılarını tanımırlar. Azərbaycanlılar yazıçıların, şairlərin boş, mənasız, faydasız adamlar olduğunu düşünürlər. Və elə bilirlər ki, yazıçı elə "bu gündə" yaşamalıdır, acından ölməlidir”.
Araşdırmaçı–jurnalist Dilqəm Əhmədin fikrincə, Əlisa Nicatı maddi-mənəvi yaşadan oxucularıdır. İmkanlı oxucuları vardı ki, dəstək olurdu. İmkansızlar kitablarına abunə olurdu:
“Onun ahıl yaşında dövlətdən tək istədiyi məişət qayğılarından azad olması üçün prezident təqaüdünün verilməsi idi. Buna isə bu işə baxan qadın məmur həmişə qarşı olub. Problemin istiqaməti buna yönəlməlidir. Dövlətin bu istiqamətdə təqaüdü var və şəxsin daşıdığı ictimai-siyasi görüşündən asılı olmayaraq dəyər yaradanlara verməlidir. Əlisa Nicat adı bugünkü gənclərə heç nə deməyə bilər. Amma böyük bir nəsil onu tanıyır, oxuyur, onlar üzərində iz qoyub.
Bu baxımdan humanitar şöbənin indiki rəhbərliyi qocaman yazıçıya dəstək olmalıdır”.
Tədqiqatçı Elmar Həsənli hesab edir ki, Əlisa Nicat heç kimə boyun əymədən ömrünü şərəflə, ləyaqətlə yaşayıb. Evini satıb pulunu kitablarının nəşrinə xərcləyib:
“Bu dünyanın malında gözü olmayan adamı daha yaxından tanımaq üçün "Keçmişə köçənlər" adlı xatirələrini oxuyun. Onun arxivinin yarısı məndədi demək olar. Uzun illər "Hürriyyət" qəzetinin yazarı oldu. Belə dəyərli bir insanın bu vəziyyətə düşməsinə ürəyim ağrıdı. Belə insanların sağlığında dəyərini bilmək lazımdı. Əyilmədiyi üçün bu acı həyatı yaşayır. Xatirələrini oxuyun, keçmişdə kimlər onun əsərlərinin çapına əngəl olub adlarını çəkir”.
Yazar Murad Köhnəqala isə məsələyə tamam fərqli aspektdən yanaşıb:
- Görürəm, çox yazıçı qədri bilənsiniz, elə!
Prezident Ramiz Rövşənə mənzil verdi, yığılıb dediniz ki, şair o evi şəhid ailəsinə bağışlasın! Guya şəhid ailəsinə verməyə bina, mənzil yoxdu. Beləcə yazıb-yazıb yazıq şairin burnundan gətirdiniz o mənzili!
Prezident 60 yaşımda mənə də bir mənzil bağışladı. O gündən harda bir cümlə yazırdım, gəlib altından qeyd edirdilər ki, "sən sus, sən hakimiyətə satılmısan!"
Aqşin Yenisey sizin dərdinizdən içib serroz oldu, ölüm yatağında da sahib duran olmadı. Axırda Kəmaləddin Heydərov irəli durub şairi müalicə elətdirdi. Ona da deyirlər, məmurun yardımına niyə razılaşdın, niyə ölmədin?
Əlisa Nicat hələ yaxşı qalıb...”.
"Hədəf" Şirkətlər qrupunun baş direktoru Şəmil Sadıqın fikrincə, bir insanın, yazıçının görkəmindən, geyim tərzindən, yaşam tərzindən istifadə edib onu dilənçi obrazında təqdim etmək ayıbdır:
“Görürəm, naşirindən tutmuş oxumayan oxucusuna qədər hər kəs Əlisa Nicatın şəklini paylaşıb, bank kartı paylaşıb ürək ağrısı ilə dəstək istəyirlər. Bu bilirsiniz nədir, millətin özgüvənini, ruhunu sındırmaq, bunu görəndə heç kim heç kimi yox, birinci özünü qınamalıdır. Dövlət bababın günahı öz boynuna. Bəs sən vətəndaş olaraq, boy-boy şəkil paylaşıb yazıq kimi təqdim etdiyi yazarın kitabını nə vaxt almısan? Tutuquşu kimi 100 kitab müəllifi deyib, özünüzü ağıllı aparmaqla deyil ki... Bu bizim reallıqdır, bəzən adam öz reallığından belə utanır və bunu şillə kimi adamın üzünə vurmaqla xal qazanmaq lazım deyil. Dəyəri belə vermirlər, dostlar, dəyər başqdır. Belə səmimisinizsə, həm Əlisa Nicatı çap edən naşirlərə, həm də bəh-bəhlə paylaşan oxumayan oxuculara üzümü tuturam və deyirəm, 2,3,4 dekabr tarixlərində Əlisa Nicatın kitablarının satışını qapaq qiymətinə Kitabevim.az da satışa qoyuruq. Kitabın satıldığı qiyməti olduğu kimi, Əlisa bəyin özünə veririk. "Hədəf" nəşrləri olaraq 2021-ci ildə 85 illik yubileyinə həsr edilmiş "Xatirələr" kitabını təqdim edirik. Çox ürəyiniz yanırsa, kitabını alıb, oxuyun, həm yazara dəstək olar, həm də siz heç olmasa, bir vərəqinə göz atarsınız. Buyurun, cəsarətli naşir və oxucu dostlar. Səmimiyyətimizi ortaya qoyaq. Naşirlərdən kim bu şərtlə razıdırsa, elə buradaca yazsın, biz də kitabevim.aza tapşırıq verək”.