Südəmər uşağa spirtli içki verdilər! – Reaksiya: “Böyük fəsadları var”

Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Faktla bağlı "Sherg.az"a danışarkən  psixoloq Əfsanə Rüstəmova qeyd edib ki,  bu, xilas olmamız gərəkən axmaq bir  “ənənə”dir:

“Motiv olaraq belə izah edilə bilər, bir uşağa hələ qundaqda ikən “kişi olduğunu” aşılamaq üçün içki dadızdırılır. Lakin əlbəttə ki, bu kökündən yanlış yanaşmadır”. 

Psixoloqun sözlərinə görə, bu məsələdə davranışı yüksək bir cəmiyyətə, dünyagörüşlü insanlara və özünü idarə edə bilən valideynlərə ehtiyacımız var:

“Spirtli içkinin böyüklərdə yaratdığı fəsadlarla bağlı tibbi məqalələr oxuya bilərik. Hətta inkişafı tamamlanmış orqanizmdə belə fəsadlara yol açan bu zərərli içkini böyüməkdə olan azyaşlılara verərək onların formalaşmalarını  əngəlləmiş oluruq. Bu isə gələcəkdə daha böyük fəsadlara gətirib çıxara bilər. 

Müsbət düşünmək istəyirik ki, bu insanlar “əylənmək üçün” belə edib və bu sadəcə göstərmək xatirinədir. Çünki əks halda anlağı yerində olan bütün insanlar bilməlidir ki, “qida rasyonu ana südündən ibarət olan uşağa alkaqol vermək” ən yumşaq ifadə ilə desək “yaxşı bir şey deyil!”.

Şərqiyyə NƏBİ