Zəngilanda əvvəlki kimi həyat öz axarına düşəcək

Bu gün hər birimiz ölkəmizin ərazi bütövlüyünün bərpası ilə qürurlanır, bu Vətənin övladı olmağımızla fəxr edirik. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Hərbi əməliyyatlar “Dəmir yumruq”adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi.  Bununla da Müstəqil Azərbaycanın Zəfər salnaməsində yeni bir səhifə açıldı.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə var. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. - 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV  əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır. Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib. Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir. 

Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. İşğaldan əvvəl rayon ərazisində 29 kolxoz və sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ, 3 kəndli-fermer təsərrüfatı, eyni zamanda 21 dəmiryol müəssisəsi, 6 dəmiryol vağzalı fəaliyyət göstərib. İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə dağıdılıb. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtulub. Dövlətimiz tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

Zəngilan azad olunması həm də 132 kilometrlik Azərbaycan-İran sərhədinin bərpası demək idi. Ali Baş Komandanın 2020-ci il 20 oktyabr tarixində Zəngilanın işğaldan azad olunması ilə bağlı müraciətində bu ərazilərin həm də strateji baxımdan böyük əhəmiyyətə malik olduğu vurğulanırdı. Möhtərəm Prezidentimizin təsis etdiyi “Zəngilanın işğaldan azad olunmasına görə” medalı bu ərazilərin düşmən tapdağından təmizlənməsində xidmətləri olmuş hərbiçilərin qiymətləndirməsi baxımından böyük önəm daşıyır.

Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan ordusu Ermənistanla sərhədə çıxdı. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qyd olunmağa başladı.

Bu gün hər birimizin gözü qarşısında işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinın miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Biz bu torpaqlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi misilsiz yeniliklərin sahidiyik. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərbası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, müasir kənd təsərrüfatı strukturunun qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.
Azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması sakinləri də sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Ağalı kəndində sakinlər öz həyatlarına davam edir, kiçik yaşlı uşaqlar məktəblərdə dərslər keçirlər. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub, Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib, Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Bu gün Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidinin tikintisi aparılır. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıdırlar. İnanırıq ki, Zəngilanda əvvəlki kimi həyat öz axarına düşəcək.

Şirincan MƏMMƏDLİ,
“Tərəqqi” medalı tarix müəllmi