Harris İsrailin soyqırım törətdiyini təsdiqlədi – SENSASİYA

ABŞvitse-prezidenti və prezidentliyinə namizəd Kamala Harris Milvaukidə keçirilən bir müzakirədə İsrailin soyqırım törətdiyini “gerçək” adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.

Bildirilib ki, görüşdən yayılan videoda Viksonsin-Milvauki Universitetindəki bir qrup tələbə ilə görüşü zamanı bir tələbə Qazzadakı soyqırım haqqında sualla Harrisin sözünü kəsdiyi görünür.

“Sizin danışmaq hüququnuza hörmət edirəm. Nədən danışdığınızı bilirəm. Mən atəşkəs istəyirəm. Müharibənin sona çatmasını istəyirəm”, - deyə Harris bildirib.

Daha sonra tələbə Harrisə doğru yaxınlaşaraq, “Soyqırım, elədirmi? Siz soyqırıma milyardlarla dollar xərclədiniz”, - deyə davam edib.

Bu zaman təhlükəsizlik qüvvələri tələbəni zaldan çıxarmağa çalışıb.

Harris isə “Dinləyin, onun danışdığı şey gerçəkdir. Bu gerçəkdir. Bu gün müzakirə etmək üçün gəldiyim mövzu deyil, amma bu gerçəkdir və onun səsini hörmət edirəm”, - deyə vurğulayıb.

ABŞ-ın sabiq səfiri Devid Fridman “Nyu York Post”a bildirib ki, Harris “İsrailin soyqırım törətdiyi” ilə bağlı yalan ittihamı ictimai şəkildə təsdiqlədi.