Ziyan yüz milyard dollarla ifadə olunur

Azərbaycan Avropa Məhkəməsinə Ermənistanın məsuliyyət daşımasına dair faktlar təqdim edib

  "Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülkünün məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim edilib: "1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi.

Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandırıb getdilər. Bütövlükdə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd ermənilər tərəfindən dağıdılaraq yandırılıb. Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. Dəymiş ziyan isə yüz milyard dollarla ifadə olunur".