Ekoaktivistlərin aksiyası yeni fazaya keçir! 

"Ekoaktivistlərin başlatdığı etiraz aksiyası gözlənildiyi kimi yeni fazaya keçməkdədir".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Partiya təmsilçisi qeyd edib ki, aksiya ekoloji problemlərlə yanaşı insan haqları mövzusuna da çevrilir: 
"Qərəzli qüvvələr aksiyaları erməni azlığının "hüquqlarının pozulması" və "humantiar fəlakət" kimi qiymətləndirsələr də, reallıq başqadır. Etirazçılar arasında Xankəndindən qovulan yerli türklərin şüar açdığının şahidi olduq. Qarabağ işğal olunarkən Xankəndində 12 mindən artıq türk yaşayırdı. 34 il ərazində Xankəndi əsilli azərbaycanlıların sayı 50 mini ötüb. İndi tam zamanıdır ki, Xankəndi Xocalı, Kərkicahan və s. şəhər və qəsəbələrimizdən qovulan insanlar yurdlarına dönsünlər. BMT Təhlükəsizlik Şurasının bu günlərdə qəbul etdiyi bədnam qətnamədə yalnız erməni əhalinin hüquqları yer alıb. Bir zamanlar BMT Təhlükəsizlik Şurası məlum 4 qətnamə ilə işğalçıların qeyd-şərtsiz torpaqlarımızdan çıxmasını tələb etmişdisə, sonuncu münasibət bizi bir qədər ehtiyatlı olmağa məcbur etməlidir. Bu istiqamətdə QHT-lərimiz fəallığı aparmalıdır. QHT-lər sanki hadisələrin arxasınca gedir, siyasi texnoloqlarımız vəziyyəti bəzən düzgün dəyərləndirmirlər". 
V.Əfəndiyev vurğulayıb ki, gələcəkdə erməni əsilli vətəndaşlarımızın dövlət qurumlarında iştirakını və təmsilçiliyini nəzərdə tutulan qanunlar qəbul edilməlidir: 
"Laçın dəhlizində davam edən etirazların əməli nəticələri üçün güclü dəstək lazımdır. Ekoloqlarımızın Volkovla ilk görüşündə yolda gömnrük postunun quraşdırılması səsləndirilsə də, sonradan Rusiya geri çəkildi. Biz bütün imkanlarımızı səfərbər edib bu istiqamətdə çalışmalıyıq. Gömrük postunun quraşdırılmasından sonra Qarabağda yaşamaq istəyən erməni əhali ilə münasibətlərimizi aydınlaşdıra bilərik. Erməni vətəndaşlarımız əmin olmalıdırlar ki, ilk növbədə kommunal, iş və pensiya məsələləri həllini tapacaq. Bununla bağlı erməni əhaliyə müraciətlər etməlidir. Şuşada erməni dilində televiziyaanın açılmasına da ehtiyac var". 
Partiya təmsilçisi qeyd edib ki, dövlət başçısının Peterburqa səfəri gözlənilir: 
"Rusiyanın Qarabağa transfer etdiyi Vardanyan məsələsinin Peterburq görüşünün predmeti olacağına şübhə yoxdur. Vardanyan Xankəndinə gəldiyi gündən erməni əhali arasında qızışdırıcı təbliğatla məşğuldur. Rusiya sülhməramlılarının etirazçılarımızla təmas xəttindən 30 metrədək geri çəkilməsi provokasiya ehtimalını gücləndirir. Mümkündür ki, ruslar “erməni aktivistlərini” bizim qarşımıza çıxartsınlar. Bütün variantlara hazır olmalıyıq".