QHT dövlətçilik məsələsində vahid güc nümayiş etdirir

“Vətəndaş cəmiyyəti ölkədəki ictimai rəyin inikasıdır, xalqın nə demək istədiyinin carçısıdır”

“Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyəti birliyinin nə dərəcədə inkişaf etdiyini göstərir”

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;


  Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xüsusi önəm verilir. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılır. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. 44 günlük Vətən savaşında genişmiqyaslı fəaliyyət sərgiləyən, həmrəylik nümayiş etdirən, daxildə və beynəlxalq aləmdə sözünü deməyi bacaran qeyri-hökumət təşkilatları postmüharibə dövründə də əzmlə çalışmaqda, proseslərə öz mühüm töhfəsini verməkdədir. İki həftədir Şuşa-Xankəndi yolunda ekofəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin təşkil etdiyi aksiya QHT həmrəyliyini və fəaliyyətini yenidən gündəmə gətirdi. Vətəndaş cəmiyyəti Şuşa-Xankəndi yolunda yeni bir zəfər tarixi yazmaqdadır. QHT nümayəndələrindən ibarət qruplar Laçın yolu istiqamətində aksiya keçirirlər. Tələblər ekoloji istismarla bağlıdır. Uzun müddətdir ki, Qarabağ bölgəsində ekoloji fəlakətlər törədilir, meşələrimiz qırılır və yandırılır, çaylarımız və göllərimiz çirkləndirilir, təbii ehtiyatlarımız talan edilir. Rusiya sülhməramlıları nəzarət etdikləri ərazidə qanunsuz fəaliyyət göstərən, qaçaqmalçılıq yolu ilə əlvan metal yataqlarımızı qarət edən cinayətkarlara Azərbaycanın rəsmi dövlət qurumlarının qərarlarını başa sala bilməyiblər. Beləliklə, rəsmi dövlət qurumlarının qanuni fəaliyyətinə maneə törədilib. Bu hal vətəndaş cəmiyyəti təmsilçilərini narahat etməyə bilməzdi. Belə aksiyaların keçirilməsi açıq cəmiyyətlərdə mütəmadi olaraq baş verən demokratik proseslərdir. QHT-lər öz funksiyalarına uyğun olaraq cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı aksiya keçirməklə diqqəti bu və ya digər problemin həllinə yönəltməyə çalışırlar. Bu həm də, dövlət və xalq olaraq suverenliyimizin qorunması üçün həyata keçirilən “yumşaq güc” siyasətidir. 
  QHT sektorunda aparılan uğurlu islahatların nəticəsi bu gün özünü aydın şəkildə göstərir. Vətəndaş cəmiyyəti ölkədəki ictimai rəyin inikasıdır. Xalqın nə demək istədiyinin carçısıdır. Bu baxımdan, bir tərəfdən hesab etmək olar ki, bu bir ümumxalq aksiyasıdır, digər tərəfdən isə xarici təhlükə qarşısında birlik, həmrəylik nümayişidir. Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyətinin birliyini, nə dərəcədə inkişaf etdiyini göstərir. Həmçinin vətəndaş cəmiyyəti fəalları dinc aksiya mədəniyyətinin necə olduğunu həm Ermənistana, həm də onların havadarlarına növbəti dəfə nümayiş etdirirlər. QHT-lər tərəfindən milli birlik modeli bütün dünyaya ən uğurlu şəkildə nümayiş olunur. Şübhəsiz ki, QHT-lər, ictimai fəallar və ekoloqlar tərəfindən təşkil olunan bu etiraz aksiyası, eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarına etimadın yüksəlməsinə, üçüncü sektorun cəmiyyətin vacib institutuna çevrilməsinə imkan yaradacaq.
  “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, "QHT.az" saytının baş redaktoru Cəsarət Hüseynzadə deyib ki, etiraz aksiyası bir neçə vacib elementi özündə ehtiva etdi. Birinci vacib məqam yerli qeyri-hökumət təşkilatlarının milli məsələ ilə bağlı vahid mövqedən çıxış etməsidir ki, həssas dönəmlərdə cəmiyyətin bütün sektorlarının milli mənafeyi ön plana çəkməsi vacibdir: "Fakt ondan ibarətdir ki, Azərbaycan dövlətinin təbii ehtiyatları olan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qeyri-qanuni olaraq istismar edilir. Azərbaycanın qeyri-hökumət təşkilatlarının müxtəlif mövzularla bağlı fərqli fikir və mülahizələri olsa da, dövlətçilik məsələsində bir daha vahid güc nümayiş etdirməsi dövlət–QHT münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu göstərir". C.Hüseynzadənin sözlərinə görə, digər vacib məqam ondan ibarətdir ki, Azərbaycan QHT-lərinin etiraz aksiyasının hədəfi təkcə lokal və ya milli hədəfləri özündə birləşdirmir: "Hesab edirəm ki, etiraz aksiyasının əsas məqsədi məhz ekologiya və ətraf mühitə dəyən ziyanın, eyni zamanda təbii sərvətlərin talan edilməsinin qarşısının alınmasıdır. Bu iki məqam müxtəlif ölkələrdə, həmçinin beynəlxalq miqyasda QHT hərəkatının əsas missiyalarından biridir. Ətraf mühit məsələsi QHT-lər üçün hər zaman prioritet olub. Çünki bu mübarizədə qarşı tərəfdə iqtisadi və böyük biznes maraqları dayanır. İndi də həmin məqam Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni əsilli müxtəlif iş adamlarının əsas məqsədlərindən biridir”. 
  QHT rəhbəri diqqətə çatdırıb ki, Laçın yolunda Azərbaycan QHT-lərinin dinc aksiya mədəniyyəti nümayiş etdirməsi tarixə düşəcək bir nümunə oldu: "Tarixdə baş verən belə uzunmüddətli aksiyalar özünü bir çox hallarda radikal məqamlarla büruzə verir. Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin hərəkətləri və şüarları isə humanitar fəaliyyəti təşviq etmək, sülhü və ədaləti, ətraf mühiti qorumaq çağırışları ilə diqqət çəkdilər. Aksiyanın keçirildiyi dövrdə humanitar və mülki hərəkətlərin həyata keçirilməsi üçün yaradılan şərait məhz beynəlxalq səviyyədə təbliğ olunmalı və nümunə göstərilməlidir. Ötən 10 gün ərzində sərt və çətin hava şəraitində QHT nümayəndələrinin, könüllülərin və ictimai fəalların nümayiş etdirdikləri ruh yüksəkliyi, dözümlülük və iradə, sözün həqiqi mənasında, vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin milli maraqların qorunmasında, öz fəaliyyətlərində və ideyalarında prinsipial olmalarından xəbər verir. Sözsüz ki, bu uğur hekayələrinin yaranmasında Azərbaycan dövlətinin QHT-lərə olan dəstəyinin, vətəndaş cəmiyyəti təşkilatlarının tərəfdaş kimi qəbul edilməsinin mühüm rolu var. Hesab edirəm ki, Azərbaycan qeyri–hökumət təşkilatlarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyaları ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq”.