Nə qədər gec deyil, prosesə başlamalıyıq


Gec-tez Azərbaycanda din fənn kimi tədris olunacaq

  "Bir neçə gündür cəmiyyətdə orta məktəbdə şagirdlərə din haqqında məlumatların verilməsi ilə bağlı geniş müzakirə gedir". Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, bununla bağlı müzakirə Azərbaycanda uzun müddətdir aparılır: "Bir məsələyə aydınlıq gətirirəm ki, söhbət orta məktəbdə dinin tədrisindən deyil, ümumi dinlər haqqında məlumatların verilməsindən gedir. Bu fənnin tədrisində əsas məqsəd gənclərə milli-mənəvi dəyərlərimiz haqqında məlumatların verilməsi və onların gələcəkdə zərərli təsirlərdən qorunmasıdır. Nədənsə, cəmiyyətdə belə fikir formalaşıb ki, Azərbaycan İlahiyyat İnstitutunda yalnız islam elmləri tədris olunur. İlahiyyat İnstitutunda tələbələrə digər dinlər də öyrədilir. Gələcəkdə orta məktəblərdə din haqqında bilgiləri Azərbaycan İlahiyyat İnstitutunun tələbələri verə bilərlər. Gec-tez bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu fənn tədris olunacaq. Nə qədər gec deyil, prosesə başlamalıyıq. İlkin mərhələdə bu fənnin tədrisinə pilot layihə şəklində də başlamaq olar".