Bakının  “Alov qüllələri” Tbilisinin küçələrini bəzəyir

Gürcüstan Baş nazirinin təşəbbüsü ilə dekabrın 24-dən ölkədə “Gürcüstanda Yeni il günləri”nə start verilib. Bu gündən etibarən paytaxt Tbilisidə və ölkənin 63 şəhər və rayonunda Yeni il tədbirlərinə başlanılıb.

Paytaxt Tbilisidəki Obreliani sarayının qarşısında yarmarkalar təşkil olunub. Azadlıq meydanında və parlamentin binası qarşısında Yeni il yolkaları quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, əsas yolka ilə yanaşı, Tbilisinin mərkəzi küçə və prospektlərindəki al-əlvan illüminasiyalar, dünyanın bir sıra şəhərlərinin, eləcə də Bakının rəmzlərindən olan “Alov qüllələri”nin bəzəkli maketləri də işıqlandırılıb.

Mərkəzi Rustaveli prospektində Azadlıq meydanından başlanan hissədə quraşdırılan “Alov qüllələri” diqqəti cəlb edir. İnsanlar “Alov qüllələri”ni maraqla seyr edir, şəkil çəkdirirlər.