O kənddə "leş mafiyası" yenə fəaliyyətə başlayıb

"AQTA-nın İctimai Şurasının 5 aya yaxındır ki, iclası keçirilmir. Belə olduğu halda təbii ki, problemlər çox həll edilməyəcək"

"Uzun müddət Sabirabad rayonu ərazisində "leş mafiyası" fəaliyyət göstərib. Bu qrup axundun, ziyalıların yaşadığı Xəlfəli kəndində uzun müddət mövcud idi. Nəhayət oradakı adamlar 4 il bundan əvvəl həbs olundu".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun aldığı məlumata görə, həmin adamlar yenə o kənddə bu işlə məşğul olur:


"Bu dəfəki qeyri-qanuni satış da o kənddədirsə bu, çox dəhşətli haldır. Deməli, həbs ediləndən sonra da islah olmurlar. Nədənsə "leş mafiyasının" həbs olunan üzvlərinə məhkəmələr hansısa yolla bəraət qazandırır. Bu sahədə 30 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən mundar olmuş heyvanların, o cümlədən at, eşşək əti satan insanlara qarşı ən yaxşı mübarizəni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə idarəsi aparır. Həmin qurum təkcə cərimə edib, buraxmır, cinayət işi başlanılır, ekspertiza keçirilir.  Dəfələrlə dövlət orqanlarında məsələ qaldırdıq. Lakin günlərin birində, 8 il bundan qabaq Kənd Təsərrüfatı Nazirliyinin İdarə rəisi  çıxış edib. Eyyub Hüseynovun səhv etdiyini deyib. Hər bir əti satmağa icazə var. Bir şərtlə ki, ətlərin üzərində hansı heyvana aid olduğu yazılsın. Dövlət orqanının bu cür mövqeyi ilə qəti razı deyilik. Hökumət hansı ətlərin yeyilə bilmədiyi barədə qərar qəbul etməlidir. Dinimizdə də eşşək əti haramdır. 1963-cü ildə dərc olunmuş bir kitabça var. Həmin kitabçada 15 respublikadan bir tək Azərbaycanda eşşək əti yeməli kimi şərh olunur. Sonralar öyrəndik ki, bunu o vaxt ermənilər hazırlayıb. Yəni Azərbaycan xalqını vəhşi, eşşək əti yeyən bir xalq kimi təqdim etməyə çalışırlar. Sözügedən kitabça ofisimizdədir. Orada ətlərin növləri, hansı əti yemək olar və s. təlimatlar yazılıb. Ermənilərin Azərbaycanda dəstək verənləri var. Burada əlbəttə, AİB-nin günahı böyükdür. Hansı ki, bələdiyyə, sahə müvəkkili, AİB-nin nümayəndəsi var, onlara həmin eşşəyin başından xaş bişirib, yedizdirmək lazımdır. Mübarizə aparırıq ki, bunun sonu olsun, lakin müəllimlərin, ziyalıların gözü qabağında baş verir. Adını çəkdiyimiz Daxili İşlər Nazirliyinin uyğun qurumu bu sahədə daha rasional iş görə bilər. Həmin orqana əlavə səlahiyyətlər verilməlidir ki, bu işləri kökündən həll etsin. Təkcə eşşək yox, həm də xəstəlikdən mundar olmuş heyvanların da ətinin daşınılması var, Bakıya gətirirlər. Buna restoranlar, uşaq bağçaları, məktəblərdə hər birimiz rast gələ bilərik. Bunun qarşısını almaq üçün qanunlar təkmilləşdirilməli, dövlət qurumlarına əlavə səlahiyyətlər verilməli, ictimai nəzarət gücləndirilməlidir. Həmçinin AİB aktiv işləməlidir. AQTA çox təəssüf ki, problemin qarşısını almağa qadir deyil. Çünki ictimaiyyətlə fəal iş qura bilməyib. Onlar KİV-də gedən informasiyanı təqib etmir ya da etmək istəmir. İctimaiyyətin inamını qazana bilməyib. AQTA-nın İctimai Şurasının 5 aya yaxındır ki, iclası keçirilmir. Belə olduğu halda təbii ki, problemlər çox həll edilməyəcək". 

Qeyd edək ki, Sabirabadda eşşək əti satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.