“Bunun üçün yol hərəkəti qanunvericiliyində də müəyyən dəyişikliklərə getmək lazımdır”
“Əks halda müəyyən risklər, qəzaların artmasına gətirib, çıxara bilərlər"
"Hər bir ölkənin öz yol hərəkəti qaydaları haqqında qanunları var".
Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Qazaxıstanda sükanı sağda olan avtomobillərə icazənin verilməsindən danışarkən deyib. Onun sözlərinə görə, xüsusən, Asiya ölkələri ilə müqayisədə bizdə yol hərəkəti qaydalarında müəyyən fərqlər mövcuddur:
"Çünki Asiya ölkələrindən- Hindistan, Yaponiya və digərlərində sükanı sağda olan nəqliyyat vasitələrindən daha çox istifadə olunur. Bu, ola bilsin, vaxtilə nəqliyyat vasitələrindəki istehsal, avtomobillərin konstruksiyasının formalaşması, tarixə köklənən bir məsələdir.
Ona görə də sözügedən ölkələrdə sağ istiqamətli yol hərəkəti qaydaları deyilən bir qanun tətbiq edilir. Sözsüz ki, ötmə qaydalarına görə, daha çox sükanı solda olan avtomobillərdən istifadə olunur.
Hətta bildiyimiz kimi, rolu sağda olan çoxlu sayda nəqliyyat vasitələri Azərbaycana gətirilərək, rekonstruksiya edilir və sükanı sola keçirilir. Bu baxımdan ölkəmizdə kütləvi şəkildə sükanı sağ tərəfdə olan avtomobillərin istifadəsinə icazə verilsə, yol hərəkəti qanunvericiliyində də müəyyən dəyişikliklərə getmək lazımdır. Əks halda müəyyən risklər, qəzaların artmasına gətirib, çıxara bilərlər".
Qeyd edək ki, Qazaxıstanda sükanı sağda olan avtomobillərə icazə veriləcək. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin inzibati polis komitəsinin sədri Kaysar Sultanbayev bildirib.