“Kişinin, babanın sözü keçməlidir” kimi fikirlər doğru yanaşma deyil

Uşağa ad qoymaq üstündə ailələrdə yaşanan narazılığa səbəb qısqanclıqdır

Sosioloq: “Ananın uşağın üzərində çox böyük haqqı var. Ad seçimində mütləq onun də razılığı olmalıdır”


  “Gənc ailənin qızı doğulub, ərin atası uşağa öz anasının adını qoymaq istədiyi üçün arvad demarş edərək durub gəlib valideynlərinin evinə. Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Təbii, o da həll edə bilməsə, işə məhkəmə baxacaq”.

  Bu fikirləri şəxsi feysbuk hesabında hüquqşünas Əkrəm Həsənov paylaşıb. O qeyd edib ki, həmişə maraqlı idi ki, belə işlərə baxan dövlət orqanı məsələni necə həll edəcək. Axı hansı meyarı rəhbər tutub, ad qoyacaq? Kimin sözü onun üçün daha keçərli olacaq? Dədə Qorqud deyil ki, istədiyi adı qoyub tərəfləri razı salsın: “Əslində, bu problem bir daha göstərir ki, ailədə heç vaxt bərabərlik ola bilməz. Bir nəfərin sözü həlledici olmalıdır. Təbii ki, ərin! Bu, o demək deyil ki, müzakirə olmamalıdır. Olmalıdır. Amma son söz ərdə olmalıdır. İndi görün, nə günə qalmışıq ki, kişi uşağının adını belə qoya bilmir. Kimdir günahkar?”.

  Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən sosioloq, professor Əhməd Qəşəmoğlu isə deyib ki, əksər ailələrdə adla bağlı bu cür mübahisələr yaşanır. Ana bir ad, nənə bir ad bəyənir, baba başqa bir ad qoymaq istəyir deyə ailədə ziddiyyət yaranır. O vaxtları belə bir hadisənin zamanında onun da başına gəldiyini deyib. Professor qızına ad qoyduğu zamanı həyat yoldaşının ailəsi ilə sözü çəpləşib:

 "Qızım dünyaya gələndə adını mən qoydum.  Qayınanam  isə başqa bir ad qoymaq istəyirdi deyə, mən seçdiyim ada narazılıq etdi. Halbuki o özü qızıma sentimental və mənasız bir ad qoymaq istəyirdi, razı olmadım. Ad mənasını ona izah etdim və məsələni problemsiz həll etdim. 

  Uşağa ad qoymaq üstündə ailələrdə yaşanan narazılığa səbəb qısqanclıqdır. Oğlanın ailəsi istəyir ad seçimini özü seçsin, qız tərəfi də istəyir onlar seçsin.

Əslində mən bu məsələdə kişinin, babanın sözü keçməlidir kimi fikirləri doğru hesab etmirəm. Ananın uşağın üzərində çox böyük haqqı var. Ad seçimində mütləq onun də razılığı olmalıdır. Ananı qıcıqlandıran bir adın uşağa verilməsi yaxşı deyil. Mümkündür ki, ana eyni adlı birini sevməsin, onunla arasında nəsə bir ədavəti olsun, bu, istənilən mənada ananın öz uşağına qarşı münasibətinə mənfi təsir edə bilər”.

  Ə.Qəşəmoğlu hesab edir ki, uşağa ad seçimi ilə bağlı cüzi də olsa bir fikir ayrılığı varsa, mütləq məsələ müzakirəyə çıxarılmalıdır. Ya ailənin, nəslin ağsaqqal, ağbirçəkləri prosesə cəlb olunmalı, öz təcrübələrini bölüşüb, tövsiyələrini edə, hansı tərəfin seçdiyi adın daha yaxşı olduğunu deyə bilər. Ya da ki hər zaman təklif etdiyim kimi sosial iş xidmətləri yaradılmalıdır: 

“Heç bir halda bu məsələ boşanmaya səbəb olacaq səviyyədə  böyüməməlidir. Hər halda tərəflər razılığa gələ bilmirsə, ağsaqqal, ağbirçəklərlə məsləhətləşib, təcrübəli adamların tövsiyələrinə qulaq assınlar. Yaxşı olar ki, bu məsələ ilə məşğul olan sosial bir qurum olmalıdır. Dövlət qurumu olması şərt deyil. Qeyri Hökumət Təşkilatlarının iştirakı ilə də bu məsələ tənzimlənə bilər. Eyni zamanda Mediasiya Şurasının üzvləri də bu məsələdə valideynlərə öz tövsiyələrini verə, ailələrə ad seçiminin əhəmiyyətini izah edə bilər. Hesab edirəm ki, ziddiyyətli ailələrdə ad seçimində sosial işçilərin iştirakının müsbət təsiri olar. Televiziyalarda və digər media resurslarında adların insan taleyində rolu barədə maarifləndirici proqramlar, yazılar verilməlidir.  

  "Qurani-Kərim"də də belə kəlmə var ki, uşaq anadan olanda valideynin ilk işi ona gözəl ad seçməkdir. Ad seçərkən Quranı oxuyun deyəndə bəziləri kitabı açıb fərqinə varmadan şeytan, cin adı da qoyurlar. 

Gözəl ad dedikdə nəzərdə tutulan insanda gözəl təəssürat yaratmasıdır. Körpə uşağın beyni sürətlə sistemləşir. Bu ad sistemin içərisində rol oynayır. Azərbaycan adlarının çoxu islam dinindən gəlir və türk mənşəli adlar Azərbaycanda üstünlük təşkil edir. Adlar insanların milli şüuruna dərk olunur. Buna görə bəzi adları eşitdikdə insanda öhdəçilik yaranır. Adın insana yüklədiyi vəzifə də var. Gözəl ad ömür boyu insanı müsbət düşüncələrə kökləyir. Uşağa sıxıntı, utancaqlıq gətirən ad, yaxud həm oğlanlara, həm də qızlara qoyulan bəzi ortaq adlar hər zaman gərginlik yaradır.

  O vaxtları tələbələrimdən birinin adı Canan idi. Mən semestr boyu o qızın adını çəkə bilmədim. Gah soyadı, gah da doğulduğu rayonun adı ilə səslənirdim. 

Uşağa necə deyəsən ki, ”Canan, gəl çıx lövhəyə"?. Axı valideynlər niyə başa düşmürlər ki, qızın adını Canan qoymaq düz deyil. Kənardan kimsə onu səsləyəndə, bu heç də xoş görünmür. Belə hallar yolverilməzdir. Çünki bu cür neqativ adlar gələcəkdə həm uşaq, həm də cəmiyyətin özü üçün pis göstəricidir.

  “Valeologiya” elmi də uşağa qoyulan adın, onun xarakterinə davranışına təsir etdiyini sübut edir. Uşaq öz adını eşitdikcə fərəhlənməli, özünə inam hiss etməlidir. İnsanı utandıran, özgüvənini aşağı salan adları kim təklif edir etsin, uşağa vermək düzgün deyil”.  

Konkret hadisəyə toxunan sosioloq deyib ki, çox güman uşağın anası köhnə ad olduğu üçün “Xeyransa”nı bəyənmir. Bəlkə də heç mənasını bilmir. 

Xeyransa adı köhnə olsa da pis ad deyil. Sadəcə olaraq ailə bir yerdə oturub öz fikrini əsaslandırmalı, həmin adın mənasını izah etməlidir. Bəlkə də mənasını bilsə, ana da etiraz etməz. Amma görünür, ailə üçün adın mənası önəmli deyil. Burada artıq məsələ evdə kişinin sözünün qeyd-şərtsiz qəbul olunmasıdır.