Dəm qazından boğulma! - "Azərbaycanda olduğu qədər başqa heç yerdə yoxdur"

Ekspertin fikrincə, qaz sızması və dəm qazını aşkarlayan qaz siqnalı aparatları məcburi olmalıdır


  Havalar soyuduqca insanların təbii qazdan istifadəsinə tələbatı artır. Ancaq bu "tələbat" bəzən özü ilə ölüm də gətirir. Hazırda ölkədə narahatlıq yaradan hadisələrdən biri də dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. İnsanlar əsasən qapalı məkanlarda - hamam otaqlarında, qapalı qarajlarda, mühərriki söndürülməyən avtomobillərdə və iri magistral yolların kənarlarında uzun müddət dayandıqda zəhərlənir.

  Növbəti günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

“Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir”.
  Mütəxəssislərin fikrincə, dəm qazından zəhərlənmənin insan üçün çox ciddi fəsadları var və bu cür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazının mövcudluğunu hiss etməməsi və asanlıqla huşunu itirməsidir.
  Mütəxəssislərin fikrincə, qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Eyni zamanda təhlükəsizlik baxımından dəm qazı yarandıqda onu işarə verən müasir qaz cihazlarından istifadəni məsləhət görürlər. Qeyd edək ki, dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçikyaşlı uşaqlar, hətta az miqdarda dəm qazından həyatlarını itirə bilərlər. Dəm qazının orqanizmə öldürücü təsiri bununla izah olunur ki, o, qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində insan huşunu itir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur. Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım önəmlidir. Zəhərlənmə zamanı həyəcanlanmadan ilkin tədbirlər görmək lazımdır. İlk olaraq, zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək  lazımdır. Bundan başqa, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanıbsa, masaj etmək və süni tənəffüs vermək lazımdır.

  Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov isə “Şərq”ə açıqlamasında deyib ki, dəm qazı ilə əlaqədar təhlükə mənbələrindən biri binalardakı bacaların tutulması və vaxtında təmizlənməməsi, həmçinin məişət qızdırıcı qurğuların təhlükəsizliyi və nasazlığı ilə bağlıdır: “Təbii qaz yüksək təhlükə mənbəyidi, ona görə də bununla bağlı qayda-qanunlar hazırlanıb. Mötəbər qanunlarımız var, bu standartlara əməl edilsə, heç bir problem ola bilməz. Ancaq səhlənkarlıq baş alıb gedir. Dəm qazından boğulma halı Azərbaycanda olduğu qədər başqa heç yerdə yoxdur. Daimi maarifləndirmə işləri aparılmalıdır. Qaz boruları ildə iki dəfə təmizlənməlidir, bunu hamı deyir, amma kim edəcək bilinmir. Sovet vaxtında bacalar ildə 4 dəfə, xüsusilə qış mövsümündə - noyabr ayında bir dəfə təmizlənirdi. İndi onların hamısı yaddan çıxıb. Qaz kəmərlərinin başına oyun açıblar, özbaşlarına yerlərini dəyişdiriblər”.
 N.Qasımovun sözlərinə görə, dəm qazından zəhərlənmə hallarının 90 faizindən çoxu hamam otaqlarında qeydə alınır. Vanna otaqlarında tüstü bacaları ildə bir dəfə təmizlənməlidir, onlar nəzarətdə saxlanılmalıdır. Qeyri-standart cihazlar quraşdırmaq qətiyyən olmaz: “Məsələn, dəmirdən düzəldilən sobalar, "radiator" deyilən çuqun cihazlar standartlara uyğun deyil. İlk növbədə insanlar arasında maarifləndirmə işləri aparılmalıdır, çünki hər bir abonentə ayrı-ayrılıqda nəzarət etmək olmur. Uşaqları, xəstələri, qocaları təkbaşına nəzarətsiz qoymaq olmaz. Köhnə su qızdırıcıları kimi istifadə olunan “kalonka”lar, “pyatiminutka”lar, “ceyran peçləri” təhlükə yaradır və onlardan istifadə olunmamalıdır. Bu, vaxtilə cihaz çatışmazılığından su borularına sözügedən təhlükəli dəmir “peç”lər, cihazlar quraşdırılırdı. Lakin hazırda ən təhlükəsizi və məsləhətlisi kombi sistemidir. Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün birinci növbədə tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Bu proses mövsümqabağı və mövsümün bitdiyi vaxtlarda həyata keçirilməlidir. Eyni zamanda su qızdırıcıları da ildə iki dəfə - altı aydan bir təmizlənməlidir. Xüsusilə əhali arasında maarifləndirmə aparılmalıdır ki, insanlar "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi, mütəxəssisi olmadan qaz xətlərinə qaz cihazlarını quraşdırmasınlar".

  Ekspertin fikrincə, qaz sızması və dəm qazını aşkarlayan qaz siqnalı aparatları məcburi olmalıdır: “Dəm qazı detektorlarını heç kəs quraşdırmır. Bu ağıllı cihazlar indiki dövrdə geniş təbliğ olunmalıdır və hər bir evə bu aparatları quraşdırmaq mütləqdir. Bu, məcburi olmalıdır, amma heç kim bu işə məhəl qoymur. Evlərdə və mənizllərdə bununla bağlı  təklükəsizliyə ilk növbdə ev sahibi özü və əlaqədar qurumlar məsuliyyət daşımalıdı, qazdan təhlükəsiz istifadə qaydalarını pozmamalıdı. Aidiyyəti qurum olaraq bu məsələ ilə bağlı əhalinin təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi nəzarət etməlidir".
  N.Qasımov deyib ki, bəzən qazın tərkibinə zəhərli maddələrin qatılması və qazın zəhərli olması ilə bağlı fikirlər səslənir. Halbuki bütün dünyada istehsal olunan ən təhlükəsiz qaz Azərbaycan qazıdır.