Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir
Yol təsərrüfatı və kommunal xidmət əməkdaşlarından isə xahişim odur ki, yolları qar-buzdan təmizləyərkən səkiləri unutmasınlar, piyada keçidlərinə xüsusi diqqət yetirsinlər
Gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları və aidiyyəti qurumlar küçə və prospektlərin qar və buzdan təmizlənməsini davam etdirib və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb. BŞİH-dən bildirilib ki, yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər – metro stansiyalarının qarşısı, avtobus dayanacaqları, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. İşlər gün ərzində davam etdirilir.
Ölkə üzrə müşahidə olunan qarlı və əlverişsiz hava şəraiti Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarında, əsasən də ucqar kəndlərə gedən avtomobil yollarında qismən çətinliklər yaradıb və bir neçə avtomobil qəzası baş verib.
Yanvarın 8-dən başlayaraq yağan qar gecə saatlarında daha da intensivləşib. Həmçinin temperatur aşağı düşərək avtomobil yollarında buzlanma olub.
Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarının ucqar kəndlərində avtomobil yollarının buz bağlaması və qarlı olması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Bakı-Qazax magistral yolunun bölgədən keçən hissəsində isə əsasən gecə və səhər saatlarında avtomobillərin hərəkətində çətinliklər olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, qarlı hava şəraiti səbəbindən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
Onun sözlərinə görə, yol qəzaları səbəbindən ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.
DİN rəsmisi yolların buzlu və qarlı olmasını nəzərə alaraq sürücülərdən və həmçinin piyadalardan yol-hərəkət qaydalarına ciddi əməl edilməsini xahiş edib: "Avtomobillərin şinləri qış mövsümünə uyğun olmadığı halda yola çıxırılmaması tövsiyə edilir. Ara məsafələrin qorunması, ötmə əməllərinə, sürət həddinə diqqət edilməsi vacibdir. Hələ ki, bölgədə 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı xəsarət alan isə yoxdur. Hava şəraiti səbəbindən yollarda yaranmış fəsadları nəzərə alaraq mümkün qədər nəqliyyat vasitələrindən az istifadə edilməsi tövsiyə olunur".
E.Qasımov həmçinin bildirib ki, istər magistral yolda, istərsə də şəhər və rayon yollarında Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hər hansısa avtomobil qəzasının baş verməməsi üçün mümkün olan tədbirlər görülür.
Qeyd edək ki, hazırda Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Aidiyyəti qurumlar tərəfindən yollara qum səpilir və nəqliyyat vasitələrinin hərəkətinin tam bərpası üçün işlər davam etdirilir.
Nəqliyyat eksperti Ərşad Hüseynovun “Şərq”ə açıqlamasına görə,
qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı, dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir: “Ona görə də ilk məsləhətim onlaradır. Piyada hərəkət edənlər bunları nəzərə alsalar, yaxşı olar.
Səkilər bəzən yolun hərəkət hissəsindən tez donur. Sakinlər buzlu səkilərdə diqqətli olsunlar. Xüsusən də küçələrimizin əksəriyyətində səkilər sürüşkən döşəmə materiallarındandır. Belə yerlərdə çox ehtiyatlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır.
Piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər. Vətəndaşlar altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışsın.
Xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın”.
Ə.Hüseynovun sözlərinə görə, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur: “Sürücülərə məsləhət edirəm ki, yolda piyada görən kimi ehtiyat tədbiri görün, dayanmağa hazır olun, çünki qarda-buzda piyada da sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər. Yol təsərrüfatı və kommunal xidmət əməkdaşlarından isə xahişim odur ki, yolları qar-buzdan təmizləyərkən səkiləri unutmasınlar, piyada keçidlərinə xüsusi diqqət yetirsinlər. Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir. Bunları nəzərə almağı rica edirəm”.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.
Nazirliyin məlumatına görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir.
TƏBİB-dən verilən xəbərə görə, müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib: "Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır".
"Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib" - məlumatda bildirilib.