“Mən İmişlinin deputatı olaraq Leyla xanımı dəstəkləyirəm”

Razi Nurullayev: “O, bizim məktəbə təhsil üçün göndərdiyimiz fidan balaların gələcəyi üçün həyəcan təbili çalıb”

 
  İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə məsələ qaldırıb ki, məktəbdə tualet bərbad gündə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Buna görə müəllimə töhmət veriblər.
  Leyla adlı müəllim məsələ ilə bağlı videoaçıqlama yayıb. O, məktəb direktorunun ünvanına ittihamlar səsləndirib: "2-3 ay əvvəl çəkilib, kim yaydı bilmirəm. Amma xeyrimizədir. Məktəbin problemlərini gizlədirəmsə, mənə ayıb olsun. Amma siz gizlədirsinizsə, sizə eyib olmasın? Bir qarabağlı olaraq bunu etməliydim. Direkor deyir ki, Leyla müəllim məşhurlaşmaq istəyir. Müğənni deyiləm məşhurlaşım. Məktəbdə nə oldusa, siz gələndən sonra oldu. Siz orada banda yaratdınız, təhsilin səviyyəsi aşağı düşdü. O məktəbdə yeganə müəlliməm ki, şagirdlərinin bilik səviyyəsi yüksəkdir. Şagirdlərə görə hər şey edəcəm. Siz gəlib orada oturandan sonra hər şey dəyişdi. Qohumlarınızın adını yazdırıb, əlavə pullar alırsınız".
  Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir: "Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb".

  Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızının töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
  İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev  bildirib ki, müəllimin yayılan görüntülərə görə töhmət alması xəbəri həqiqəti əks etdirmir: “2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb”.
  Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev  isə “Şərq”ə açıqlamasında bu məsələni diqqətdə saxladığını və problemin aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edəcəyini deyib:
“Bütün məktəblərdə bu və ya digər cəhətdən problemlər var. "Ayaqyolu yoxdur" deyən müəllimi məzəmmət etmək, töhmət vermək yolverilməzdir. Töhməti müxtəlif yollarla, hüquqi don geyindirməklə əsaslandırmaq olar və artıq bu edilir. Lakin hər kəs bilir ki, uşaqların məktəbə gəlməməsini istəyən müəllimə bunu ritorik olaraq deyir, məsələyə diqqət çəkir və çəkə də bilib. Bu, ayrıca bir uğur hekayəsidir. O, dövlətə, hökumətə, xalqa və konkret şəxslərə qarşı çıxmayıb, o, bizim məktəbə təhsil üçün göndərdiyimiz fidan balaların gələcəyi üçün həyəcan təbili çalıb. Mən İmişli rayonunun deputatı olaraq Leyla xanımı dəstəkləyir və yanındayam. Hər kəs başa düşür və görür ki, yeni məktəblər tikilir, təmir edilir və elə müəllimənin işlədiyi Aranlı kənd məktəbi də bu il tikilməyə namizəddir. Amma bu, həqiqəti görüb susmağa, yalan danışmağa, yaltaqlanmağa və şəxsi mənfəətini düşünməyə əsas ola bilməz. Bütün Azərbaycan boyu məktəblərdə olan xırda problemləri həll etmək üçün əsaslı pul ayrılmasını, yeni məktəb tikintisini və sairəni gözləməyə ehtiyac yoxdur”.

  Millət vəkili Ceyhun Məmmədov isə  Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirə olunarkən bu məsələyə diqqəti çəkdiyini xatırladıb.  Deputatın sözlərinə görə, son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub, bu gün də bu işlər uğurla davam etdirilir: “Ölkə rəhbərliyinin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Yeni açılan STEAM və uşaq-yaradıcılıq mərkəzləri bu fikri bir daha təsdiq edir. Ancaq onu da qeyd edək ki, bu gün bölgələrdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir. Hətta təmir olunan bəzi məktəblərdə bir sıra çatışmazlıqlar var. Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Bölgələrə səfərim zamanı bunu dəfələrlə müşahidə etmiş, hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var. 
  Töhmət məsələsinə gəldikdə isə müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur. Ola bilsin, müəllim əsəbiləşib belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər. 
Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə, bu, qəbuledilməzdir. Bütün hallarda məsələyə vaxtında reaksiya verilməli, həmin ayaqyolu aidiyyəti dövlət qurumları tərəfindən təmir edilməlidir. Bütün hallarda isə biz müəllimlərimizi sevməli və onları qorumalıyıq”. 
  C.Məmmədovun fikrincə, aidiyyəti dövlət qurumları belə məsələlərə vaxtında və operativ reaksiya verməlidir ki, müzakirələr düzgün istiqamətdə aparılsın. Təhsilə qayğı hamımızın işidir. Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq: “Dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdırlar. Zamanında verilməyən reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətinə inamı zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki, son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətində bu həssaslıq heç də həmişə müşahidə olunmur”.
Təhsil eksperti Kamran Əsədov deyib ki,  müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır: “Məhz buna görə də ibtidai sinifdə dərs deyən müəllimin şagirdlərin yaş həddi və fiziki ehtiyacını nəzərə alaraq şagirdlərə ayaqyolu tikilməsini tələb etməsi anlaşılandır. Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq hər bir şagirdin hüququdur. Dövlət şagirdlərin sağlam, rahat təhsil mühitini qurmağa borcludur, bu öhdəliyi müvafiq qurum yerinə yetirməyib.
  Öncə məhz normal təhsil mühitini qura bilməyən təhsil idarəetmə orqanlarının rəhbərləri və əməkdaşlarını inzibati tənbehə cəlb etmək, ondan sonra özü üçün yox, xalqın övladı üçün etiraz edən müəllim barədə düşünmək olar”.
  Qanuna gəldikdə isə ekspert deyib ki, “Təhsil haqqında” qanuna və Müəllimlərin Etik Davranış qaydalarına görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.  Məhz bu hala yol verməsi onun inzibati tənbeh tədbirlərinə cəlb etməyə əsas verir.
Şəymən