Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi yolverilməzdir
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu çərçivədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində aparılan monitorinq zamanı ərazidən keçən diametri 200 və 500 mm olan qaz xəttinin mühafizə zonası gözlənilmədən bilavasitə yaxınlığında – 1-6 metrliyində tikintisi başa çatdırılmış fərdi yaşayış evləri, həmçinin inşası davam edən tikililər aşkar olunub. Müəyyən edilib ki, qeyd olunan ünvandakı tikinti işləri müvafiq icazəverici sənədlər olmadan kobud pozuntularla, o cümlədən normativ ara məsafələri gözlənilmədən aparılıb. Aşkar olunmuş faktla bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti üzrə rəsmi müraciətlər ünvanlanıb.
Mütəxəssislər də mühafizə zonası düşən ərazilərdə yaşayış məskənlərinin salınmasının yolverilməz olduğunu qeyd edir.
Lakin aidiyyəti qurumların və mütəxəssislərin vətəndaşlara, bu cür ərazilərdə yaşayış evlərinin tikintisini biznesə çevirən işbazlara müraciətlərinə baxmayaraq, bu cür hallar hələ də yaşanmaqdadır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, boru kəmərlərinin mühafizə zonalarına düşən ərazilərdə fərdi ev tikmək yolverilməzdir. Onun sözlərinə görə, qanunvericilikdə hər hansı tikintinin aparılmasına kəmərin hər tərəfindən 50 metr məsafə saxlanılmaqla icazə verilir:
“Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır”.
Ekspertin sözlərinə görə, bu cür evlərlə bağlı yaşanan digər problem də sənədləşmə ilə bağlıdır. İnfrastruktur layihələrinin ərazisində torpağa mülkiyyət hüququ verilmir. Bu da evin qanunvericiliyə uyğun sənədləşdirilməsini, nəticə etibarilə əmlakın qanuni alqı-satqısını mümkünsüz edir.