Piyadalara su sıçradan sürücülər cərimələnəcək
Yağışlı və qarlı havalarda Bakı yollarında vəziyyət acınacaqlı hal alır. Yollardakı su gölməçələri piyadalar üçün problemə çevrilir. Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları belə nəzərə almır. Əksinə, sürət həddini dah da yüksəldərək, onların üst-başlarını batırmağa nail olurlar. Sürücülər isə iddia edir ki, bu onların yox, paytaxt yollarını təmir etməyə məsul qurumların günahıdır. Elə yollar var ki, kələ-kötür, dağınıq haldadır.
Yağıntılı havalarda da təbii olaraq bu yollar keçilməz vəziyyətdə olur. Üstəlik, əksər küçələr doğru-düzgün asfaltlanmadığı və su-kanalizasiya sistemi lazımi qaydada quraşdırılmadığı üçün yağışlı havalarda yollarda sel axır. İstər-istəməz, belə yollarda piyadaların üzərinə su sıçrayır.
Maraqlıdır, belə halların qarşısını almaqdan ötrü sürücülərə hansı cəza tətbiq edilir?
Hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraitinin hökm sürdüyünü vurğulayan Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.
Qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artmasının yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaratdığını qeyd edən şöbə rəisi hesab edir ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır: “Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların suyla islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadaları da nəzərə almalıdırlar. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan qarşıya keçməyi tövsiyə edirik”.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun “Şərq”ə açıqlamasına görə, inzibati tənbeh tədbiri elə cərimə deməkdir:
“Yollarda piyadalara və digər nəqliyyat vasitələrinə qəsdən su və ya palçıq sıçradılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradan sürücülər 40 AZN məbləğində cərimə olunur”.
Ekspertin sözlərinə görə, qanunun tələbi olsa da bu məsələdə sürücülərin etirazı da əsassız deyil. Yollarda vəziyyət ürəkaçan deyil. Xüsusən də yağışlı və qarlı havalarda nəqliyyat infrastrukturu bərbad hala düşür. Ancaq bu, sürücülərə ixtiyar vermir ki, yoldan keçənin üstünə su, palçıq sıçratsın.
Əgər yol çuxurlarla doludursa, kələ-kötürdürsə, yol kənarında dayanan, yol keçən piyadanın üzərinə suyun sıçramaması üçün sürücülər sürəti azaltmalıdır.