Qaz qurğularının və avadanlıqlarının texniki müayinəsi
FHN tərəfindən deyil, qazpaylayıcı təşkilatlar tərəfindən həyata keçirilməlidir
“Şərq” qəzetinin 10 yanvar 2023-cü il tarixli 3-cü nömrəsində dərc edilən “Səhlənkarlıq baş alıb gedir” sərlöhvəli yazıda kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımovdan alınan açıqlamada əhalinin dəm qazı təhlükəsizliyinə cavabdeh orqan olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) göstərilib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşları isə ekspertin fikirlərinin həqiqətə uyğun olmadığını bəyan edib.
FHN-dən “Şərq”ə verilən məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hər bir istehlakçı öz qaz təsərrüfatının, qaz qurğularının təhlükəsiz istismarına cavabdehlik daşıyır.
Qaz qurğularının və avadanlıqlarının texniki müayinəsi qanunun tələblərinə müvafiq olaraq FHN tərəfindən deyil, qazpaylayıcı təşkilatlar tərəfindən həyata keçirilməlidir: “FHN ümumilikdə əhalinin təhlükəsizliyinin təmin olunması üçün maarifləndirmə işləri aparır. Bu çərçivədə, əhalinin dəm qazı ilə əlaqədar təhlükəsizliyinin təmin edilməsinə və insanların maarifləndirilməsinə dəstək məqsədilə Nazirlik tərəfindən mütəmadi qaydada müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir”.