Daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi ciddi problemdir. Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil.
Kiçik araşdırma göstərir ki, sığortaçılar əsasən belə avtomobillərin taksi kimi istifadə edilməsi ehtimalına görə onların sahiblərinin məsuliyyətini sığortalamaqdan qanunsuz olaraq imtina edirlər.
Qadınların taksi fəaliyyəti ilə məğul olma ehtimalı az olduğundan onların avtomobilini sığortalayırlar.
Bu kütləvi qanunsuzluğun qarşısı nəinki alınmır, əksinə, onun miqyası artmaqdadır. Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov isə “Sherg.az”a deyib ki, sığortaçıların bu yanaşmasının çox ağır fəsadları var.
Onun sözlərinə görə, bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun aşkar surətdə pozulmasıdır. Qanunun 23.3-cü maddəsi sığortaçının icbari sığorta üçün müraciət etmiş şəxslə müqavilə bağlamaqdan və ona sığorta şəhadətnaməsi verməkdən imtinasını qadağan edir:
“Sığortaçıların bu yanaşması həmçinin yol hərəkəti təhlükəsizliyi sahəsində dövlətimizin siyasətinə ziddir və AR Prezidentinin 2018-ci ildə təsdiq etdiyi Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının müddəalarını birbaşa olaraq pozur. Proqramda həm ekoloji, həm də ümumi yol hərəkəti təhlükəsizliyi mülahizələri nəzərə alınaraq kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərədən istifadənin təşviqi və stimullaşdırılması təsbit edilir. Sığortaçıların bu yanaşması isə belə avtomobillərdən istifadədən çəkindirir.
Belə yanaşma ciddi sosial fəsadlar doğurmaqdadır, çünki bu tipli avtomobillə taksi fəaliyyəti göstərən insanlar sığorta olmadığından avtomobillərini istifadə edə bilmirlər. Nəticədə gündəlik gəlirlərini itirirlər. Bu həm də əhalınin taksi xidmətindən istifadəsini çətinləşdirmək deməkdir.
Eyni zamanda avtomobil sahiblərinin kütləvi qanun pozuntusu törətməsi və cərimələnməsi riskini yaradır. Axı icbari sığortasız avtomobil idarə etməyə görə cərimə (fiziki şəxs üçün 50 manat məbləğində) nəzərdə tutulur və DYP həmin cərimələri tətbiq edir (özü də kameralar vasitəsilə elektron qərarla)”.
Sığortaçıların bu özbaşınalığının ölkədə korrupsiogen mühit yaratdığını vurğulayan ekspert ona ünvanlanan şikayətlərə əsasən deyib ki, sığorta şirkətlərindəki bəzi işbazlar vəziyyətdən istifadə edərək əlavə “haqq” hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll edirlər. Bu isə birbaşa olaraq korrupsiyadır:
“Fəsadların siyahısını artırmaq da olar. Amma bunlar da yetərlidir. Maraqlısı həm də odur ki, artıq bir neçə aydır mövcud olan bu problem sığorta nəzarəti qurumu olaraq Mərkəzi Bank tərəfindən həll edilmir. Nəyi və ya kimi gözlədikləri aydın deyil. Hesab edirəm ki, bu boyda qanunsuzluğa təcili olaraq son qoyulmalı, göstərdiyim problem qanuna uyğun olaraq aradan qaldırılmalıdır”.