Ən zəif bənd Paşinyandır! – “Moskvanın maraqlarına cavab vermir” – “Vurulur”

Rusiya-Ermənistan münasibətləri daha da kəskinləşəcək

Səbəb Nikol Paşinyanın qərbyönlü siyasətçi olması və Qərbin təlimatlarını icra etməsidir

"Hələlik İrəvan hökuməti ilə Moskva arasında məcburi əməkdaşlıq var. Bu məqam isə rəsmi Bakının xeyrinədir"

  Moskva ilə İrəvan arasında ziddiyyətlər kəskinləşir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamalarını şərh edib və İrəvan hökumətini ittiham edib. Zaxarova deyib ki, hansısa bir məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənir. Ona görə də Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir: "Əgər İrəvan həqiqətən də müəyyən edilmiş problemlərin, üçtərəfli sazişlərin həllində maraqlıdırsa, o zaman boş fəlsəfə ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. 

Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları da qüvvədə qalır”. XİN rəsmisi Paşinyanın Rusiya ordusu barədə dediklərinə də münasibət bildirib. Deyib ki, Rusiya hərbçiləri Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur: “Bu obyektiv reallığı inkar etmək mümkün deyil”. Zaxarova həmçinin Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı açıqlamasını da tənqid edib. 

  Moskvanın reaksiyasını "Şərq"ə təhlil edən politoloq İlqar Vəlizadə bildirib ki, iki ölkə arasında təzadlı münasibət, bəzi hallarda isə münaqişəli vəziyyət fasilərlə 4 ildir davam edir. Analitik vurğulayıb ki, Rusiya və Ermənistan bəzi məsələlərdə ortaq məxrəcə gəlsələr də, aralarında konseptual olaraq ciddi fikir ayrılıqları mövcuddur:

 "Bunun səbəbi Nikol Paşinyanın qərbyönlü siyasətçi olması və Qərbin təlimatlarını icra etməsidir. Bu məqam Rusiyanı qıcıqlandırır. Paşinyan dəfələrlə iddia edib ki, "Ermənistan postsovet məkanında demokratiyanın nümunəsidir". Bu sözlər Qərbin xoşuna gəlsə də, Kremli qəzəbləndirir. Belə çıxır ki, Rusiya başda olmaqla bütün MDB ölkələrində diktatura hökm sürür, sadəcə Ermənistanda demokratiya var. Əlbəttə, bu, absurd iddiadır. Digər yandan regionda Rusiyanın maraqları dəyişib. Hazırda Ermənistan hökumətinin siyasəti Moskvanın maraqlarına cavab vermir. Rusiya Cənubi Qafqazda yeni imkanlar axtarışındadır. Çünki Qərblə münasibətləri korlanıb. Əvvəlki dəhlizlər, kommunikasiyalar bağlıdır. Moskva bölgədəki siyasətini İrəvan vasitəsilə həyata keçirmək istəyir. Amma Ermənistan buna maneçilik törədir, imkan yaratmır. Xüsusən hərbi-siyasi məsələlərdə Rusiyaya əngəl olur. Məsələn, indiki dönəmdə KTMT təlimləri Moskva üçün xüsusi əhəmiyyət kəsb edirdi. Paşinyan Rusiya üçün məqbul siyasətçi deyil. O, Kreml tərəfindən zəif bənd kimi qəbul olunur. Baş nazir çıxışında öz-özünü dəfələrlə təkzib edir, ziddiyyətli fikirlər səsləndirir. Ona görə də hələlik İrəvan hökuməti ilə Moskva arasında məcburi əməkdaşlıq var. Bu məqam isə rəsmi Bakının xeyrinədir". 
İsmayıl Qocayev