Azad İsazadə: "Belə bir vəziyyətin qarşısını almaq üçün dövlətin bu proqramı, qanunu çox vaxtında qəbul edilib"
Həqiqi hərbi xidmət hərbi qulluqçularının icbari narkoloji müayinədən keçməsi qaydası təsdiq edilib.
“Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydası" təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu qayda “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun olaraq hazırlanıb və müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydasını müəyyən edir.
Dəyişiklikləri “Şərq”ə şərh edən hərbi ekspert Azad İsazadə Azərbaycanda belə bir təcrübənin olduğunu deyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ildə bir dəfə narkoloji müayinədən keçirilir. Müayinə zamanı da bir neçə nəfərin sidiyində narkotik maddə elementləri çıxdığına görə vəzifədən azad edilir. İctimai nəqliyyatın sürücülərinin də il ərzində narkotik maddə istifadəçisi olub-olmadığını müəyyənləşdirmək üçün test edirlər.
Narkotikin müasir dövrümüzdə gəncliyimizin ən böyük bəlasına çevrilməsindən öz narahatlığını ifadə edən ekspert dəyişikliyi zəruri və vaxtında atılan addım kimi dəyərləndirib. Onun sözlərinə görə, gənclər sonrakı mərhəldə hərbi xidmətə çağırılanda avtomatik olaraq bu cür vərdişlər onun xidmətinə sirayət edir və silahlı qüvvələrə çağırılan zaman bu məziyyətlərini sıfırlamaq olmur:
"Belə bir vəziyyətin qarşısını almaq üçün dövlətin bu proqramı, qanunu çox vaxtında qəbul edilib. Əgər mülki həyatda biz bunun qarşısını ala bilmiriksə, hansısa yolla orduya keçməsinin də qarşısını almalıyıq. Bunun tam sıfırlanması mümkün olmasa da, çağırışçıların 80-90 faizini bu aktla sığortalamaq olacaq. Həm də çağrışçılara ilkin mərhələdə gözəl mesaj olacaq ki, mülki həyatda narkotikə bulaşacaqsınızsa, bilin ki, qarşınıza belə problem çıxa bilər".