Uşaqlar ata-analarından çox zəmanəyə oxşarlar
Yemək yeməyən uşaqları planşet, televiziya, mobil telefon önündə yedirdirlər, bütün bunlar yanlış hərəkətdir
Gün ərzində uşaqlarla məşğul olmaq olduqca çətindir. Valideynlər isə bunu asanlaşdırmaq üçün müxtəlif üsullara əl atırlar. İlk ən yanlış və rahat üsul isə uşağı planşet və ya telefonla məşğul etmək olur. Bu, uşaqların emosional inkişafında ciddi fəsadlara yol açır, nəticədə hər şeyə həddindən artıq reaksiya verən uşaqlar ortaya çıxıb.
"JAMA Pediatrics" adlı tibb jurnalında dərc edilən araşdırmada uşaqların texnologiyadan necə təsirləndiyindən bəhs edilib.
Tədqiqatçılar 422 valideyn və eyni sayda uşaq üzərində araşdırma aparıblar. 3-5 yaş arası uşaqların telefon və planşet kimi cihazlarla qarşılıqlı əlaqəsi bir neçə ay ərzində müşahidə olunub.
Tədqiqat qrupu müəyyən edib ki, uşaq kədərləndikdə və ya əhvalı pozulduqda diqqətini yayındırmaq üçün ona verilən cihazlar uşaqların emosional inkişafına mane olur.
Bu hal xüsusilə hiperaktivlik diaqnozu qoyulmuş uşaqlarda daha çox üzə çıxıb.
Tədqiqat müəllifləri cihazdan müəyyən müddətli istifadənin faydalı olduğunu bildirsələr də, qəti şəkildə xəbərdarlıq edirlər ki, uşaqları sakitləşdirmək üçün və ya tez-tez istifadə etməklərinə icazə verməməlidirlər.
Mütəxəssislərin fikrincə, bu cihazlar uşaqları beyni inkişaf etdirən ünsiyyət və oyunlardan təcrid edir. Uşağın sosial bacarıqlarının, dil öyrənmək vərdişlərinin, yaradıcılığının azalmasına səbəb olur. Analitik düşünmə qabiliyyətinin, fanataziyasının, intellektinin zəifləməsinə, məktəb yaşlarında çox zəif oxuma vərdişlərinə gətirib çıxarır.
İnformasiya əsrində yaşadığımızı xatırladan psixoloq Sənubər Yusifova isə “Şərq”ə açıqlamasında deyib ki, uşaqlar ata-analarından çox zəmanəyə oxşarlar. Yəni əvvəllər biz özümüzün taxtadan, dəmirdən düzəltdiyi oyuncaqlarla oynayırdıqsa, indi hər şey internet, texnologiya üzərindəndir: “Telefon və planşetlərdən uzunmüddətli istifadə də təbii olaraq uşaqların davranışlarına mənfi təsir göstərir. Uşaqla göz təması qurmaq çox önəmlidir. Bəzi analar körpəni yedizdirib, əynini dəyişdikdən sonra əlinə telefon və ya planşet verir ki, başı qarışsın. Yaxud yemək yeməyən uşaqları planşet, televiziya, mobil telefon önündə yedirdirlər. Bütün bunlar yanlış hərəkətdir.
Anlamırlar ki, bununla uşağın nitq inkişafı geriləyir, ünsiyyətdə yaşıdlarından geri qalır. Yeniyetməlik dönəmində isə bunun fəsadları daha çox özünü büruzə verir”.
Psixoloqun sözlərinə görə, indiki valideynlər özünün də xəbəri olmadan uşaqda davranış pozğunluğu yaradır: “Uşaq əsəbi olmasın deyə valideyn imkanı daxilindəki bütün texnologiyaları onun üçün əlçatan edir. Uşaq da asosial böyüyür. Evdə bacı-qardaşlar belə, bir-biri ilə oynamaqda çətinlik çəkirlər. Həmçinin uşaq istədiklərini kiçik yaşlarından ağlamaqla əldə edir. Bu cür “tərbiyə” beş yaşdan sonra davranış pozğunluğu ilə nəticələnir.
Belə ki, uşaqlar emosional cəhətdən hazır olmadan, hadisələrə düzgün yanaşma əldə etmədən kobud, aqressiv səhnələr görməməlidirlər. Mediada böyüklər üçün olan bəzi reklamlar da onların davranışlarına mənfi təsir edə bilər. Nəzərə almaq lazımdır ki, uşaqların beyni ağ kağız kimidir, ilk təəssüratlar illərlə yaddaşlarında qalaraq, sonradan onların dünyaya baxışlarına və davranışlarına birbaşa təsir göstərir. Bundan başqa, televizor, planşet, kompüterdə nəzarətsiz olaraq, saatlarla oturmaq uşaqlarda piylənməyə, onurğa əyriliklərinə və s. səbəb ola bilər.
Şimali Kaliforniya İnstitutunun alimlərinin həyata keçirdikləri araşdırmalar isə göstərir ki, gənc yaşlarında çox televizora baxan insanlar orta yaşlarda beynin funksiyasında pozğunluqlarla və göz problemləri ilə rastlaşırlar”.
S.Yusifovanın sözlərinə görə, iki yaşdan aşağı uşaqları ekrandan uzaq tutmaq məsləhət görülür: “Valideynlər ekran qarşısında daha az vaxt keçirməklə uşağa örnək olmağa çalışmalıdır. Uşaqlar hər şeydə böyükləri təkrarlamağa çalışırlar. Valideyninin kitab oxuduğunu, digər fəaliyyət növü ilə məşğul olduğunu görən uşaq da zamanla o istiqamətə yönələcək”.