Hər gün taksi sürücüləri narkoloji testdən keçirilməlidir
Nəzarət sistemi təkmilləşdirilməsə, analoji hal davam edəcək
Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən və narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkar edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin hər birindən şəxsi istifadələri üçün əldə etdikləri heroin və metamfetamin aşkar olunub.
Araşdırmalar zamanı adları çəkilən 3 nəfərin narkokuryerliyə cəlb edildikləri və bunun müqabilində onlara ödənişsiz narkotik vasitələr verildiyi müəyyən edilib. İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı onlara narkotik vasitələr təklif edən – Ülvi Tağıyev də tutularaq istintaqa cəlb olunub.
Ondan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar olunub. Ülvi Tağıyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Adəm” adlı xarici ölkə vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Qeyd edək ki, Ülvi Tağıyev narkotik vasitələrin satışını həyata keçirən zaman məsuliyyətdən yayınmaq üçün mütəmadi olaraq yaşayış yerini dəyişib və əsasən paytaxt ərazisində yerləşən hotellərdə gecələyib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Cəfər Yusifzadə də saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul edərək paytaxt ərazisində taksi sürücüsü kimi çalışdığı müəyyən edilib. Faktlarla bağlı əməliyyatlar-istintaq tədbirləri davam etdirilir.
Narkotik vasitələrin satışını həyata keçirən taksi sürücülərinin həbs olunmasına münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, narkotikin satışı və istifadəsi ilə məşğul olan insan bir taksini götürüb, kirayələrək narkotika alveri ilə məşğul olursa, təbii ki, bu, mövcud sahədəki boşluqlardan qaynaqlanır. Onun sözlərinə görə, hər gün taksi sürücülərinin psixoloji vəziyyəti yoxlanılmalı, narkoloji və alkoqol testdən keçirilməlidir. Nəzarət sistemi təkmilləşdirilməsə, analoji hal davam edəcək: "Taksi fəaliyyəti ilə məşğul olan bir neçə narkotik alverçisinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması həll yolu deyil.
Narkotik istifadə edib taksiçiliklə məşğul olan çoxlu sayda sürücülər var.
Əgər taksi xidmətlərinin yüksək keyfiyyətli, təhlükəsiz, səriştəli olmasını, eyni zamanda belə xoşagəlməz hallarla qarşılaşmaq istəmiriksə, taksi fəaliyyətinin qanun çərçivəsinə salınması istiqamətində konkret addımlar atılmalıdır. İstənilən şəxs vergisini ödəyib fərqlənmə nişanı alır və sərnişindaşımalarla məşğul ola bilir. Deməli, fərqlənmə nişanı almağa gələn sürücülər üçün müəyyən tələblər qoyulmalıdır. Sürücü və avtomobili Nazirlər Kabinetinin qərarına, dövlət standartına, avtomobil nəqliyyatı haqqında qanunlara uyğun olmalıdır. Bunları təsdiq edən sənədlər yoxdursa, fərqlənmə nişanı verilməməlidir. Həmçinin sürücüdən sağlamlıq haqqında arayış və həmin arayışı alarkən narkoloji yoxlamadan keçməsilə bağlı sənəd tələb olunmalıdır. Bu qaydalar təkmilləşəndən sonra praktikada tətbiq olunmalıdır".
Hüquqşünas hesab edir ki, bütün bunlara paralel olaraq taksi şirkətlərinin üzərinə də öhdəlik qoyulmalıdır ki, fərqlənmə nişanı və qanunda göstərilən tələblərə uyğun olmayan heç bir sürücünü işə qəbul etməsinlər: "Əgər cəlb etsələr, həmin şirkət barəsində böyük məbləğdə cərimələr tətbiq olunsun. Bu gün fəaliyyət göstərən taksi şirkətlərinin hər birinin öz portalları, xidmət proqramları var. Müvafiq qurumlar həmin proqramlara nəzarət funksiyası tətbiq etməlidir. Dünyada bu təcrübə var, yəni kəşf etməyə ehtiyac yoxdur. Sadəcə, nəzarət gücləndirildiyi zaman taksi sürücüləri biləcək ki, onun sərxoşluğu, narkotik maddədən istifadəsi və yaxud satışı ilə bağlı şikayət olarsa, o, bir daha sürücü ola bilməyəcək və çörəyini itirəcək".