“Leyla müəllimə aktiv və yenilikçidir, şahidi oldum”
Günel Səfərova: “Amma sözün açığı, mövcud problemin bu şəkildə işıqlandırılmasının düzgün seçim olmadığı qənaətindəyəm”
"Onun töhmət alması məktəbin ayaqyolu problemini işıqlandırması, mövcud problemi sosial şəbəkədə videoya çəkərək ictimailəşdirməsi deyil"
İmişli rayonunun Aranlı kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Leyla Nəcəfquliyevanın paylaşdığı video ətrafında müzakirələr davam edir.
Bir neçə gün əvvəl məktəbdəki ayaqyolunun bərbad vəziyyəti ilə bağlı məsələni ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qaldığını bildirərək kömək istəyən L.Nəcəfquliyeva sonradan ona dəstəyin dayandırılmasını xahiş edib.
Məlum olub ki, məktəbin direktoru və Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi müəllimə təzyiqləri artırdığına görə, o, məsələnin gündəmdən çıxmasını istəyir.
Amma müəllimin xahişinə baxmayaraq, sosial şəbəkələrdə və mətbuatda Leyla Nəcəfquliyevaya dəstək nəinki dayandırılıb, əksinə, daha da artıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da məsələnin araşdırlması üçün sözügedən məktəbə baş çəkib. G. Səfərova ilə birlikdə elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri də İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.
İctimai Şuranın sədri Günel Səfərova “Şərq”ə açıqlamasında monitorinq zamanı məktəbdəki mövcud şəraitlə yaxından tanış olduqdan sonra məktəb kollektivi, xüsusən də direktor və Leyla müəllimlə görüşüb söhbət apardıqlarını deyib: “Məktəbdə sağlam pedaqoji mühit və kollektiv arasındakı münasibətlərin mövcudluğu təhsil müəssisəsinin göstəricilərinin daha da yaxşılaşması və onun inkişafı üçün çox önəmlidir. Leyla müəllim aktiv və yenilikçidir. Onunla söhbət zamanı da işgüzarlığının, işini sevərək görməsinin şahidi oldum.
Leyla müəllimin videoda dediklərində də həqiqət payı olduğuna şahid oldum. Amma sözün açığı, mövcud problemin bu şəkildə işıqlandırılmasının düzgün seçim olmadığı qənaətindəyəm. Əslində müəllim də məhz bu səbəbdən töhmət alıb. Yəni onun töhmət alması məktəbin ayaqyolu problemini işıqlandırması, mövcud problemi sosial şəbəkədə videoya çəkərək ictimailəşdirməsi deyil.
Təhsilverənin yaydığı videoda uşaqların təhsildən yayınması çağırışları qəbuledilməzdir. Əgər müəllim məhz mövcud problemin həlli ilə bağlı aidiyyəti üzrə müraciət edərək məsələnin həllinə çalışsaydı, biz birmənalı şəkildə onun haqlı olduğunu düşünərdik”.
Məktəbin ayaqyolu məsələsinə gəldikdə isə G.Səfərova deyib ki, əslində həmin məktəbdə üç sanitar qovşaq var. Üçü də istifadəyə yararlıdır: “Sadəcə, məktəbdə şagird sayı çox olduğundan uşaqlar ayaqyolundan istifadə etmək üçün növbə gözləməli olurlar. Leyla müəllim də "mənim uşaqlarım niyə ayaqyolu növbəsi gözləməlidir" kimi iddialar səsləndirdiyindən məktəbin rəhbərliyi ilə münasibətlərində müəyyən gərginlik olub. Halbuki müəllimin uşaqlar arasında ayrıseçkilik etməsinin özü də düzgün yanaşma deyil. Orta məktəb müəllimi üçün “mənim”, “sənin” uşağın anlayışı olmamalıdır. Bütün uşaqlar bizimdir”.
İctimai Şura sədri həmçinin qeyd edib ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq: "Məktəb binasının yenilənməsi şagirdlərin daha təhlükəsiz və rahat şəraitdə təhsil almalarına imkan yaradacaqdır. Yəni məktəbin yenidən tikilməsi ilə bağlı əvvəlcədən qərar varmış və bunu da bütün məktəbin kollektivi bilirmiş. Hətta kənddəki digər məktəb müasir standartlara uyğun şəkildə yenilənib.
Məsələləri dərindən araşdıranda mənzərə fərqli görünür. Leyla müəllim də söhbətində videonun çoxdan çəkildiyini, lakin sosial şəbəkələrdə niyə məhz indi bu formada təbliğ olunduğunun onun üçün qaranlıq qaldığını öz-özünə sual edirdi. Mənim məqsədim kimisə qaralamaq və ya linç edilməsinə zəmin yaratmaq deyil. Məktəb də, müəllimlər də bizimdir. Orada olduğum müddətdə əlimdən gəldiyi qədər kollektivlə münasibətlərin tənzimlənməsinə nail olmağa çalışdım. Gördüyüm qədəri ilə də məktəbin çox gözəl kollektivi vardı. Kollektiv və müəllim də direktordan narazı deyil, amma mənim şəxsi müşahidəm onu deyir ki, kollektivlə və kollektiv arası ünsiyyəti direktor qurmalıdır. Təhsil verənin, həm də məktəb rəhbərliyinin əsas vəzifə öhdəliyi təhsil sahəsində dövlətin siyasətinin həyata keçirilməsində iştirak etməkdir. Həmçinin məktəb direktorunun vəzifəsi təlim-tərbiyə işinin təşkili ilə yanaşı inzibati təsərrüfat işinin düzgün qurulmasına cavabdehlik daşımasıdır. Bununla bağlı direktora da öz tövsiyələrimi verdim. Regional idarə də məktəbdəki prosesləri mütəmadi olaraq nəzarətdə saxlayacaq.
Məni ən çox narahat edən Mil-Muğan bölgəsi üzrə təhsil nəticələrinin hədsiz aşağı olması idi. Hesab edirəm ki, biz daha çox bu problemin üzərində köklənməli və çıxış yolu axtarmalıyıq”.