Cəmiyyət üçün adiləşir
Azərbaycanda vətəndaş nikahı ilə yaşayan çoxlu sayda insanlar var
Gerçəkliyi inkar etməkdən və pisləməkdənsə, dövlət onu qanunla nizamlamalıdır
MTV-də yayımlanan “Ümid ilə gəl” verilişində vətəndaş nikahında yaşayan bir qadının müraciəti əsasında əmlak bölgüsü, aliment, nikah münasibətləri müzakirə predmeti olub. Verilişdə kulturoloq-alim Aydın Xan Əbilov və vəkil Şəfiqə Nağıyeva arasında mübahisə yaranıb.
Ş.Nağıyeva verilişə müraciət edən qadını vətəndaş nikahında yaşadığına görə ittiham edib: “Sizin 35 yaşınız var idi, niyə qanunsuz nikaha daxil olurduz? Hazırda qeyri-qanuni, nikahsız ailə quranların sayı həddən artıq çoxalıb. Bu bizi çox narahat edir, ona görə bu cür əxlaqsızlığın qarşısını almaq üçün maarifləndirici verilişlər hazırlayırıq”.
A.Əbilov isə müdaxilə edərək deyib ki, ictimai nikah niyə əxlaqsızlıq olur ki? Biz istəsək də, istəməsək də, vətəndaş nikahında yaşayan ailələr var. Buna normal yanaşmaq lazımdır. Bizim milyonlarla vətəndaşımız xaricdə yaşayır, onlar bu cür münasibətlərdə olurlar...
Sözügedən verilişdə ekspert kimi iştirak edən şəxslərin bu müzakirəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. “Hüquqkar” adlı səhifədə ictimai müzakirə adı altında topluma təqdim olunan bu verilişlərin əxlaq, milli-mənəvi dəyərlər çətiri altında faktiki olaraq mənəvi terrorla məşğul olduğu qeyd edilib: “İnsanların şəxsi həyatının özəl tərəflərini primitiv, dayaz əxlaq arşınları ilə müzakirəyə çıxarmaq, onları milyonların gözü qarşısında aşağılamaq, linçləmək, onlara mənəviyyat dərsi keçmək və bütün bunları maarifçilik adı ilə topluma sırımaq yolverilməzdir. Toplumu narahat edən ciddi sosial, iqtisadi, siyasi müzakirələr kənarda qalıb, televiziyalarda ən qızğın müzakirə və debatlar "Rəsmi nikah olmadan ailə münasibətləri əxlaqsızlıqdır, ya yox?" kimi suallar ətrafında aparılır. Ölkədə normal ailə münasibətlərində olub, bu və ya digər səbəbdən onları rəsmiləşdirməyən nə qədər cütlüklər var. Televiziyadan milyonların qarşısında onları əxlaqsız adlandırmaq mənəvi terrordur. Bunu özünə rəva bilən adamların, bu cür verilişləri maarifçilik adı ilə topluma sırıyanların özlərinin ciddi əxlaq problemləri var”.
Sözügedən müzakirələri “Şərq”ə şərh edən ekspertlər isə hesab edirlər ki, nikahdankənar ailələrin əksəriyyəti problemli sayıldığından sonradan nikahdankənar doğulan uşağın taleyi də sual altına düşür. Qeyd edək ki, vətəndaş nikahı iki şəxsin heç bir dövlət və yaxud qeyri-dövlət orqanı ilə münasibət yaratmadan qurduqları könüllü ittifaqıdır. Vətəndaş nikahı ənənəvi nikahdan bir sıra məqamlarına görə fərqlidir. Belə ki, onun ənənəvi nikahdan başlıca fərqi izdivacın sənədlər üzərində deyil, faktiki xarakter daşımasıdır. Yəni vətəndaş nikahında yaşamağa başlayan insanlar heç bir sənədləşmə prosedurlarından keçmədən birgə yaşamaq barədə qərar verirlər. Bəziləri isə bu münasibətləri dini kəbinlə “təsdiqləyirlər”.
Hüquqşünas Ənnağı Hacıbəyli deyib ki, Azərbaycanda vətəndaş nikahı ilə yaşayan çoxlu sayda insanlar var. Gerçəkliyi inkar etməkdən və pisləməkdənsə, dövlət onu qanunla nizamlamalıdır: "Vətəndaş nikahı ölkəmizdə qanunla tanınmır" hökmü də yanlışdır. Belə şəxslərin əmlakını qanun ümumi birgə mülkiyyət kimi tanıyır, onların valideynlik hüququnu tanıyır və s. Deməli, bu münasibətlərin daha dəqiq nizamlanmasına ehtiyac var. Problemi inkar etmək ən pis çıxış yoludur”.
Professor, sosioloq Əhməd Qəşəmoğlu isə vətəndaş nikahının ailə institutumuzu aşındıran əsas amillərdən biri olduğunu deyib: “Bəziləri deyirlər əşşi, nikahı nə edirik, bəzisi deyir islami nikahımız var, o birisin nə edirik? Bunların bir çoxu məsuliyyətsizlikdir. Gələcəkdə o məsuliyyətdən qaçmaq üçündur. Yəni ki, dövlətdə qeydiyyatda olanda, boşananda problemlər çıxır. Məhkəməyə getmək məhkəmədən gəlmək, amma burada mollaya deyirsən, boşayır. Və yaxud nikah yoxdursa, "sağ ol" deyib papağını götürür evdən gedir və ya evdən qovur. Bu kimi nikahlar gələcəkdə ailə institutunun tamamilə aşınmasına gətirib çıxara bilər. Bu sahədə boşluq var. Hələ mən nikahdankənar doğulan uşaqların sonrakı taleyindən danışmıram”.
Sosioloqun fikrincə, vətəndaş nikahına adətən milli dəyərlərə dırnaqarası baxan, ailə məfhumuna məsuliyyətsiz yanaşan insanlar üstünlük verirlər: “Bəzən misal kimi Avropa ölkələrini göstərirlər və qeyd edirlər ki, həmin ölkələrdə vətəndaş nikahı ilə yaşamaq problem yaratmır. Əslində bu fikir kökündən yanlışdır. Mən dəfələrlə elmi tədqiqat işlərimlə bağlı avropalı həmkarlarımla fikir mübadiləsi aparmışam. Avropada ailə modeli demək olar ki, tamamilə sıradan çıxıb və ailələrlə bağlı kifayət qədər problemlər var. Bu ölkələr ailə məsələsində heç vaxt bizə nümunə ola bilməz”.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, psixoloji cəhətdən insanları vətəndaş nikahına çəkən əsas amil məsuliyyətdən azad olmaq hissidir: “Çünki ortada heç bir sənəd yoxdur. Nə vaxt istəsən, çıxıb gedə bilərsən. İkinci bir tərəfdən, vətəndaş nikahlarının sayı artdıqca proses cəmiyyət üçün adiləşir. Əvvəllər adətən ilk evliliyi uğursuz olan şəxslər buna meyl edirdisə, indi heç evlənməyən şəxslər, hətta bəzən evin tək uşağı olanlar vətəndaş nikahında yaşamağı seçirlər. Ümumiyyətlə, ailədaxili münaqişələr artdıqca, boşanmalar artdıqca, vətəndaş nikahları da çoxalır. Bu prosesin özəyində insanın qarşısındakı şəxslə uzun müddət münasibətinin davam edəcəyinə inamın olmaması durur. Qərb ölkələri ilə müqayisə aparırlar. Orda cütlük bəzən 10 ildən çox bir yerdə yaşayır, daha sonra nikaha girir. Bildiyiniz kimi bu cür cütlüklər ayrılanda da ən böyük çəkişmə mülk bölgüsü zamanı yaşanır. Bu da tərəflər arasında psixoloji güvənsizliyin yaranmasına gətirib çıxarır. Vətəndaş nikahından uşaq dünyaya gətirmək də təqdirəlayiq deyil. Amma nəzərə alın ki, əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi. Artıq bu qınaq əvvəlki gücə malik deyil. Ona görə də bu prosesin genişlənməməsi üçün maarifləndirmə aparmaq lazımdır”.