Partlasa bomba effekti yarada bilər
İctimai nəqliyyatın qaz balonu ilə isidilməsi olduqca təhlükəli bir haldır
Cəlilabadda rayondaxili mikroavtobusun qaz balonu vasitəsilə qızdırılması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.
Qeyd olunub ki, Cəlilabadda həm şəhərdaxili, həm də kənd və qəsəbələrə işləyən marşrut avtobuslarında qızdırıcı sistem işləmir. Rayonun marşrut sistemi heç bir meyara cavab vermir. Sərnişinlər hələ də istismar müddəti başa çatmış kiçiktutumlu mikroavtobuslarla daşınır.
Cəlilabad şəhərindən qəsəbə və kəndlərə işləyən "Mercedes 208 D” mikroavtobusunda sürücünün salonu qaz balonu ilə qızdırmasını əks etdirən görüntülər də bunun sübutudur.
Sürücünün avtobusda qaz balonu yandırması ilə bağlı yayılmış videogörüntülər araşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin videodakı sürücü müəyyənləşdirilib. Cəlilabadda "Mercedes Benz" markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğlu aşkarlanıb və barəsində müvafiq tədbir görülüb. Sürücü bildirib ki, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir və balonu salonun içi isti olması üçün yandırıb. Buna baxmayaraq, belə təhlükəli hərəkətin təkrar baş verməməsi üçün sürücü dərhal xətdən kənarlaşdırılıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında deyib ki, ictimai nəqliyyatın qaz balonu ilə isidilməsi olduqca təhlükəli bir haldır. Xüsusən də içərisində azyaşlıların, qocaların olduğu bir sərnişin avtobusunda belə bir hadisənin yaşanması sağlamlıq və həyati təhlükə baxımından yolverilməzdir: “Həmin balonun hansısa bir səbəbdən partlaması avtobusda bomba effekti yarada bilər. Bu isə bütün sərnişinlərin ölümü və ya çox ağır xəsarət alması ilə nəticələnə bilər. Eyni zamanda ətrafda hərəkət edən digər nəqliyyat vasitələri və küçədəki insanların həyatına da təhlükə yarada bilər. Bunun heç bir bəraəti yoxdur.
Qaz balonlarının istifadəsi üçün xüsusi qaydalar tələb olunur. Bu balonların zirzəmilərdə, ictimai iaşə müəssisələrində, mağaza, anbar və s. obyektlərdə də istifadəsi qanunvericiliklə qadağan olunub. Burada əsas məqsəd insanların həyat və sağlamlıqlarının qorunmasıdır”.