“Bu gün yüz minlərlə insan Bakı şəhərində qeydiyyatsız yaşayıb, müqaviləsiz işləyir. Bu isə birmənalı qanun pozuntusudur”
Son günlər sosial şəbəkələrdə rayondan Bakıya gələn və 2 həftədən çox qalan şəxslərin yaşadıqları yerə yaxın polis bölməsində qeydiyyata düşməli olduqları ilə bağlı məlumatlar yayılıb. Əks halda onların cərimələnəcəyi iddia edilir.
Daxili işlər Nazirliyi (DİN) son günlər müzakirə olunan vətəndaşların olduğu yer üzrə qeydiyyat məsələsinə aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən "Şərq"ə daxil olan məlumata görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.
Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur".
Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə isə qeyd olunub ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da, polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməyiblər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılıb və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.
Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur.
Demokratiya və İnsan Hüquqları Komitəsinin hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə “Şərq”ə açıqlamasında müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas olmadığını deyib. Onun sözlərinə görə, bu cür hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir: “Sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşların bundan narahat olduğunu, gələcəkdə hansı problemlərlə üzləşib- üzləşməyəcəklərinə dair sorğu-sual etdiklərini mən də gördüm. Təəssüflə qeyd etməliyəm ki, bu gün yüz minlərlə insan Bakı şəhərində qeydiyyatsız yaşayıb, müqaviləsiz işləyir. Bu isə birmənalı qanun pozuntusudur.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.
Bu tələb isə əsassız deyil.
İnkişaf etmiş ölkələrin əksəriyyətində bu məsələdə qanunvericiliyin tələbinə əməl edilir. Gec- tez Azərbaycanda da bu sahədəki boşluqlar aradan qaldırılmalı idi. Vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. Qeydiyyat vətəndaşa dövlət tərəfindən çatımlılıq, eyni zamanda həmin vətəndaşa əlçatan olmaq üçün daimi və müvəqqəti yaşamaq niyyətində olduğu ünvanı müəyyənləşdirən bir amildir. Qeydiyyatı zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır.
Əks halda həmin vətəndaşa gedən məktub, məhkəmə çağırışları, seçkilər zamanı səsvermə və digər sənədlərin çatımlılığı çox ciddi problemə çevrilir. Məsələn, Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu proses baş tutsa, qeydiyyat məsələsindəki çatışmazlıqlar seçki prosesinə mənfi təsir edəcək. İnsanların yaşadığı yerdə qeydiyyata düşməsi cinayətkarlığa qarşı mübarizə zamanı da hüquq-mühafizə orqanlarının daha çevik əməliyyatlar həyata keçirməsinə imkan yaradır.
Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxu rayon qeydiyyatındadır. Hətta onların avtomobilinin dövlət nömrə nişanı da rayon seriyasıdır. Bu adam qəza törədib qaçsa, onu tapmaq müşkülə çevrilir. Hüquq-mühafizə orqanları təbii olaraq onun qeydiyyat ünvanına baxır və məlum olur ki, bu şəxs hansısa bir rayonun ucqar kəndində yaşayır.
Dövlət orqanlarının, hüquq-mühafizə əməkdaşlarının işinin operativliyini təmin etmək məqsədilə hər bir vətəndaş yaşadığı yerdə qeydiyyata düşməlidir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, analoji problem müqaviləsiz kirayə verilən evlərlə bağlı da xaos yaradır. Bölgələrdən paytaxta axın edən insanların sayı artdıqca, kirayə mənzillərin müqaviləsiz verilməsi problemi daha da dərinləşir: “Kirayə evlərdə yaşayan insanların qeydiyyata alınması, kirayə mənzillərin müqavilə əsasında verilməməsi məsələsində ev sahibləri vergidən yayınmaq üçün maraqlı olmur. Kirayə müqaviləsi notariat tərəfindən qeydiyyata alınarsa, yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, ev sahibi dövlətə vergi ödəməlidir.
Kirayə qalan şəxslər özləri bunu tələb etməlidir. Amma kirayə mənzillərin ipotekası ilə bağlı məsələlərdə isə bu, müəyyən normalarla tənzimlənəcək. Əgər kirayənişin gələcəkdə yaşadığı evi almaq istəyirsə, bunun üçün qeydiyyat mütləq tələb olunacaq”.