Yaşı artırmaqla, endirməklə heç nəyə nail ola bilmərik

Bizim hədəfimiz qızların nikah yaşını artırmaq yox, onların təhsil almasına, iqtisadi asılılıqdan azad olmasına nail olmaqdır

Mehriban Zeynalova: “13-14 yaşlı qızları nişanlayıb "18 yaşı tamam olanda toy edəcəm" demək düzgün deyil. Erkən nişanlama qızların diqqətinin təhsildən yayınmasına səbəb olur”


  “Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir. Eyni zamanda nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb Parlamentə vermişik”.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, parlamentdə komitə iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var:
“Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik”.

  Qeyd edək ki, hazırda Azərbaycanda nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaşdır. Ailə Məcəlləsində 17 yaşlı qızların nikahına istisna hallarda yol verilir. Yalnız üzrlü səbəb olduqda ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olmaq istəyən şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.

  Belə bir icazə olmadıqda nikahın bağlanmasının əsas şərtlərindən biri olan yaş həddi gözlənilmədiyi üçün nikah rəsmi qaydada tanınmır və rəsmi orqanlarda qeydiyyata  alınmır. Qanunvericiliyin tələblərinə əməl olunmadan, yaş həddini gözləmədən qeyri-rəsmi ailə quranların dini kəbinləri olsa belə, tərəflər arasındakı faktiki ailə münasibətlərinin heç bir hüquqi əhəmiyyəti olmur. 18 yaşı tamam olmayanlar yetkinlik yaşına çatmayan şəxslər hesab edildikləri üçün qız və oğlanın nikaha razılıq verməsinin də heç bir əhəmiyyəti yoxdur.

Nikah yaşı yalnız 18 qəbul edilsə, neqativ halların qarşısı alınacaq?

  "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Şərq”ə açıqlamasında deyib ki, erkən nikahlar cəmiyyətin ən böyük problemlərindən biridir. Belə hallar ailələrdə münaqişələrə, boşanmalara və nəticədə cəmiyyətdə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahların yaratdığı fəsadlar, ortaya çıxardığı problemlər göz önündə olsa da, məsələ həllini tapmır: “Halbuki daim erkən nikah məsələsi ilə bağlı maarifləndirmə işi aparılır. Deməli, məsələyə kompleks yanaşılmasa, həll olunmamış qalacaq. Ona görə də biz valideynləri övladlarını erkən nikaha məcbur etməkdənsə onlara təhsil verməyə çağırırıq. Deyirlər ki, bəzi ailələr istəmirlər qızları yük olsun, ona görə ondan tez canlarını qurtarmağa çalışırlar. Ona görə də bu cür  sosial həssas ailələri tapıb onları daimi nəzarətdə saxlamaq, həmin ailələrdə böyüyən qız uşaqlarını təhsilə, müxtəlif peşə ixtisaslarına cəlb  etmək lazımdır. Erkən nikahla bərabər təhsildən yayınma ilə bağlı vəziyyət araşdırılmalıdır. 

Yoxsa yaşı artırmaqla, endirməklə heç nəyə nail ola bilmərik. Bizim hədəfimiz qızların nikah yaşını artırmaq yox, onların təhsil almasına, iqtisadi asılılıqdan azad olmasına nail olmaqdır. Bunun üçün də mədəni proqramlar, layihələr həyata keçirilməlidir. Qızlara təhsilin perspektivlərini göstərmək, gələcəyə həvəsləndirmək lazımdır”.

  Nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvinə gəldikdə isə M.Zeynalova hesab edir ki, erkən yaşda nişanlanma ilə bağlı da müəyyən tədbirlər görülməlidir:

“Evdə xəstəm var deyib 17 yaşlı qızı alıb evə gətirmək düzgün deyil. Əgər kiminsə evində xəstəyə baxacaq adam yoxdursa, bunun üçün Sosial Xidmət Agentliyinə müraciət etsin. Düzdür, nişan mərasimi istənilən yaşda keçirilə bilər. İnsanların psixoloji, fiziki vəziyyəti uyğundursa, 18 yaşına bir az qalmış nişanlana, sonra evlənə bilər. 

Amma 13-14 yaşlı qızları  nişanlayıb "18 yaşı tamam olanda toy edəcəm" demək düzgün deyil. Erkən nişanlama qızların diqqətinin təhsildən yayınmasına səbəb olur”.