Valideynlər mümkün qədər qorxularından azad olmalıdırlar
"Küçədə manyak ola bilər deyə, uşaqları bağlı qapılar arxasında saxlamaq doğru yanaşma deyil"
Bakıda manyak məktəbdən evə qayıdan azyaşlı qızı naməlum istiqamətə aparmaq istəyib. Hadisə Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib. Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alnıb. Azyaşlı qız manyakın əlindən qaçıb marketə girib, daha sonra isə oradan qaçaraq uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin (DİN) apardığı araşdırmalar zamanı məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib.
Bu cür halların baş verməməsi, azyaşlı və yeniyetmələrin təhlükəsizliyinin təmin olunması üçün hansı tədbirlər görülməlidir? Belə hallarda hadisənin potensial qurbanları necə davranmalıdırlar?
Məsələ ilə bağlı "Bakupost.az"-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə bildirib ki, məktəblərdə şagirdlərin təhlükəsizliyi, belə situasiyalara düşdükləri zaman nə etməli olduqları ilə bağlı onlarla daim profilaktik söhbətlər aparılmalıdır.
K.Ağazadənin sözlərinə görə, xüsusən qız uşaqlarının seksual hərəkətlər və təcavüz hadisələrindən qorunması üçün təbliğat aparılmalıdır:
"Belə hallarla üzləşən məktəblilər ilk növbədə ətrafdakıların diqqətini cəlb etmək, insanları köməyə çağırmaq barədə düşünməlidirlər. Belə vəziyyətlərdə necə davranmaq barədə uşaqları məlumatlandırmaq lazımdır. Məktəblər uşaq inspektorları və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə işləməlidirlər. Qızlarla söhbətə uşaq inspektoru olan qadınları cəlb etmək önəmlidir. Həmçinin qeyri-hökumət təşkilatlarını, xidmət sektorunda çalışan sosial işçiləri, eyni zamanda psixoloqları maarifləndirmə tədbirlərinə cəlb edərək nəticə əldə etmək olar. Bu görüntü Bakının bir məhəlləsində lentə alınıb. Amma bu o demək deyil ki, yalnız o məhəlləyə fokuslanmaq lazımdır. Regionlarda da bu hallar ola bilər və olub da. Ona görə də düşünürəm ki, Təhsil Nazirliyi orta məktəblərdə maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsində maraqlı olmalıdır".
Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, bu cür xəbərlərin mediada verilməsində diqqətli olmaq lazımdır: "Manyaklar yüz il bundan qabaq da olub. Bizim kifayət qədər həssas valideynlərimiz var. Belə xəbərləri oxuduqdan sonra onlarda təşviş, həyəcan daha da arta bilər ki, bu da ailədaxili münaqişələrə, valideyn-övlad münasibətlərinə mənfi təsir göstərə bilər. Bu xəbəri oxuyan valideynlər uşaqlarını evdən çıxmağa qoymayacaqlar, onları daim nəzarət altında saxlayacaqlar, bu isə uşaqlar üçün xoş hal deyil. Bu hadisədə diqqət çəkən məqam isə azyaşlı uşağın özünü itirməməsi və kişinin əlindən qaça bilməsidir. Bütün valideynlər uşaqlarını bu cür təhlükələrə qarşı məlumatlandırmalı və onlara necə davranacaqlarını öyrətməlidir. Uşaqlara tanımadığı adamlarla kontakta girməyin onlar üçün təhlükəli olduğu izah olunmalıdır ki, hansısa bir manyakın “tələ”sinə düşməsinlər.
Ümumiyyətlə uşaqla davranmaq, onlarla ünsiyyət qurmaq, evdən tək çıxan uşağa veriləcək tövsiyələr istiqamətində valideynləri maarifləndirmək lazımdır. Küçədə manyak ola bilər deyə, uşaqları bağlı qapılar arxasında saxlamaq doğru yanaşma deyil. Valideynlər mümkün qədər bu qorxularından azad olmalıdırlar”.
Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında təəssüflə qeyd edib ki, böyük şəhərlərin əksəriyyətində bu cür xoşagəlməz hallar tez-tez yaşanır: “Şəhərdə həyat qarmaqarışıqdır. Valideynlər uşaqlarına hər dəqiqə nəzarət edə bilmirlər. Hətta bəzən ani bir diqqət yayınması belə övladımızı təhlükəyə ata bilir. Konkret hadisəyə gəldikdə isə o uşağın valideynlərinə, tərbiyələndirmə medotlarına heyran qaldım. Azyaşlı qızın davranışlarından da hiss olunur ki, valideynləri bu cür təhlükələrə qarşı onu məlumatlandırıblar. O, kişinin əlindən qaçıb yoluna davam etmir. Yaxınlıqdakı mağazanın girişinə qədər sakit halda gəlir. Demək ki, valideynləri ona ən təhlükəsiz yerin insanların çox olduğu məkanlar olduğunu başa salıb. O qız qaçıb yoluna davam etsə, adam onu daha tənha bir yerdə də qısnaya bilərdi. Məhz uşağın ayıq-sayıqlığı nəticəsində manyakın əlindən qaça bildi".
Bu cür azğınlaşmış şəxslər üçün azyaşlı uşaqlara qarşı əxlaqsız davranışların vərdiş halını aldığını vurğulayan sosioloq hesab edir ki, onun kimliyi polis tərəfindən aşkarlanaraq məsuliyyətə cəlb olunmalıdır. Görünür, bu onun ilk hərəkəti deyil, əgər hüquq-mühafizə orqanları barəsində tədbir görməsə, son da olmayacaq. Çox təəssüf ki, hər uşaq da bu qədər ayıq-sayıq deyil. Məlumatsız və çəkingən uşaqlar asanlıqla o adamın toruna düşə bilər. Amma mənə maraqlı gələn bu şəxsin avamlığıdır. Gündüz çağı şəhərin ortasında belə bir əxlaqsızlığı hansı cəsarətlə edib ki!? Məgər bu adam şəhərdə addımbaşı təhlükəsizlik kameraları olduğunu bilmir?”.