İlqar Hüseynli: “Yol hərəkət qaydalarının pozulmasının BNA-ya aiddiyyəti yoxdur”
Elməddin Muradlı: “İlk növbədə şərait yaratmaq, sonra cərimələmək effektiv olar"
Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək. Bu fevralın 1-də təsdiqlənən bir sıra qnaun və fərmanlara dəyişikliklərdən sonra qüvvəyə minib. "Yol hərəkəti haqqında qanun", "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun, eləcədə bu sənədlərin qüvvəyə minməsi və tətbiqi ilə əlaqəli dövlət başçısının bəzi fərmanlarlna edilən dəyişikliklər çərçivəsində “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Bakı Nəqliyyat Agentliyindən bundan sonra göstərilən maddələr üzrə cərimə etmək səlahiyyəti ləğv olunub. Artıq cəriməni yazmaq səlahiyyəti yalnız Dövlət Yol Polisinə (DYP) aiddir.
Qüvvəyə minən qayda ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, səlahiyyətləri bir tərəfdən BNA, digər tərəfdən DYP icra edirdi:
"Səlahiyyətlərin və vəzifələrin ikili bölgüsü vətəndaşlar arasında narazılıq doğururdu. Elə vəziyyət yaranırdı ki, həm BNA, həm də DYP əməkdaşları müvafiq cərimə yazırdılar. İndi səlahiyyət konkretləşdirilib. Dayanma və durma qaydalarını pozmağa görə cərimə yazmaq səlahiyyəti əvvəldən DYP-də olmalı idi. BNA sadəcə yol nişanlarının qoyulması, ictimai nəqliyyat sisteminin inkişafı, taksi xidməti keyfiyyətinin yaxşılaşdırılması, lisenziya hüquqları ilə bağlı fəaliyyəti icra etməlidir.
Yol hərəkət qaydalarının pozulmasının BNA-ya aiddiyyəti yoxdur. Dayanma və durma yerləri də müəyyənləşdirilməlidir. Sürücülər də harda dayanıb-dayanmayacaqlarını bilsinlər".
Nəqliyyat eksperti Elməddin Muradlının qənaətincə, dayanma və durma qaydaları əhalinin həssas mövzusudur:
"Yol hərəkəti qaydaları narazılıq yaradan məsələdir. Çox istəyərik ki, dayanma və durma yerləri aydınlaşdırılsın. Hərəkətin axınına, intensivliyinə təsir göstərən vətəndaşlar cəzalandırılmalıdır. Əks halda daha böyük problemlər yaranar. BNA və yaxud DYP fərqi yoxdur, cərimələmək vəziyyətdən çıxış yolu deyil. İlk növbədə şərait yaratmaq, sonra cərimələmək effektiv olar".