Bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib.
Sherg.az bu saata olan əsas məlumatları təqdim edir:
Bu saata olan məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb, 1710 binanın dağılıb.
- Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.
- Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt və operativ qərargah yaradılıb. Zəlzələdə həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilir.
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
- Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb. İlkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.
- Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə Türkiyəyə kömək məqsədi ilə zəlzələ bölgəsinə hərəkət edəcək.
- Türkiyədəki zəlzələ qonşu ölkələrə də təsir edib. Suriyada güclü zəlzələ zamanı həlak olanların sayı 237-yə çatıb, yaralıların sayı isə 639 nəfərdir.
- Livanda, Misirdə və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib. İtaliya isə sunami xəbərdarlığı edib.
- Türkiyənin yardım çağırışına Azərbaycan, Amerika Birləşmiş Ştratları, İsrail, İraq reaksiya verib.