Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5 mini ötüb, təkcə Türkiyədə 20 mindən çox yaralı var, 6 minə yaxın bina dağılıb. Türkiyədə baş vermiş ölümcül zəlzələyə görə Prezident Recep Tayyip Erdoğan ölkədə 7 günlük matəm elan edib.
Bu hadisə baş verdikdən sonra hər kəs eyni sualın cavabını düşünür: Azərbaycanda belə situasiya yaşanarsa, binalar tab gətirəcəkmi?
Qeyd edək ki, Azərbaycan tarixində ən güclü zəlzələ 2000-ci ilin noyabrın 25-də paytaxt Bakıda baş vermişdi. 6,8 bal gücündə hiss olunmuşdu. Təkanlar iki dəfə dalğavari formada 22 saniyə çəkmişdi.
Mövzu ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son illər ölkədə inşa olunan binalarda keyfiyyət problemi yoxdur. Əksəriyyəti tikinti standartlarına cavab verir:
"Əsas problemimiz köhnə yaşayış binalarının hələ də mövcudluğudur. Yeni tikilən hündürmərtəbəli binalar yola, sosial obyektlərə yaxın inşa edilir. İnsanların sıx hərəkət etdiyi yerlərdə tikilir.
Türkiyədə zəlzələnin görüntülərindən görünür ki, bina hərəkətdə olan nəqliyyat vasitələrinin üzərinə uçur.
Deyirlər, Türkiyədəki binalar sanki kartondan tikilib. Tamamilə yanlış fikirdir. 7,4 bal gücündə zəlzələ elə-belə titrəyiş demək deyil. Təqribən 25 ton tratilinin (red. partlayıcı maddə) yaratdığı partlayış effektinə bərabərdir. 7,4 bal gücündə zəlzələ 30-60 dəqiqə davam etsə, əlbəttə, binalar tab gətirməz.
Orta məktəbdə coğrafiya fənnindən "4" qiyməti alan adam zəlzələdə vəziyyətin necə olduğundan xəbərdardır. Bizdəki kimi Türkiyədə də bəzi qanunauyğunsuzluq var. Binalar bir-birinə yaxın tikilib".