Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi proqram mahiyyətli çıxışı və strateji xəttini əsas götürərək Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy sorğusu keçirib.
İctimai rəy sorğusunda respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” sualı ünvanlanıb və respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Ümumi nəticələr insanların 74.6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir.
Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıtmaq üçün can atdığını deyən millət vəkili Nizami Cəfərov "Sherg.az"a bildirib ki, hər bir qovulmuş adam öz torpağına qayıdaraq əcdadlarının qəbrini görməyi arzulayır və bunun qarşısını almaq qeyri-mümkündür”.
"Bu gün Qərbi Azərbaycandan sürgün edilən sonuncu nəslin nümayəndələri və ondan əvvəl köçürülənlərin övladları yurd həsrəti çəkirlər. Ona görə yox ki, Azərbaycanda onlar üçün həyat yaxşı keçmir. Əslində onların həyatı burada daha yaxşıdır və özlərini burada təsdiq ediblər. Qayıtmaq istəməklərinin səbəbi isə dədə-baba yurdlarının yiyəsiz qalmasıdır. Bu dəqiqə o torpaqlar eksperiment obyekinə çevrilib. Cənab Prezidentin də dediyi kimi Qərbi Azərbaycan torpaqlarını zorla bizim əlimizdən alıblar. Bu gün sözügedən ərazidə heç bir millət yaşamır. Bizi oradan qovandan sonra, torpaqlarımız "qısır" qalıb. Ona görə də, bu torpaqlar bizdən zorla qopardılmış bir budaq sayılır. Biz əslində məcbur qalıb Qərbi Azərbaycan terminini işlədirik. Ora bütöv Azərbaycandır. Sadəcə təzyiq və repressiya ilə bizdən alınıb. Hər bir azərbaycanlı bu gün başa düşür ki, bütöv Azərbaycanın rəhbəri İlham Əliyevdir. Onun Qərbi Azərbaycana qayıdış barəsindəki çıxışlarından sonra isə hər bir azərbaycanlı tarixi hüdudların bərpasına çalışır. Həmçinin bizim Azərbaycan türklərinin formalaşdığı bir coğrafiya var. Bunu biz hesablamışıq və təxminən 250 min kvadrat kilometr olduğunu aşkar etmişik. Əlimizdən alınan yerlərə qayıtmağa məcburuq. Çünki bu ümumbəşəri məsələdir".