“...Digər tərəfdən də insan anlayır ki, belə addımla iş düzəlmir. İnsanlarda heyvanlara qarşı mərhəmət hissini oyatmaq vacibdir”
"Heyvanlara zülm edən insanları özümüzdən biixtiyar "belə insanlar" deyərək, digərlərindən fərqləndiririk".
Bu sözləri "Sherg.az"a tanınmış məşqçi Kamil Zeynallı iti avtomobilin arxasına bağlayaraq, sürüyən şəxsdən danışarkən deyib. O diqqətə çatdırıb ki, bu sayaq adamları söymək və ya döyməklə bu yoldan çəkindirmək mümkün deyil:
"Normal şüura sahib insan iti maşının arxasına bağlayıb, sürüməz. Deməli, həmin insanın əqli imkanları zəifdir, nəsə çatmır. Doğrudur, polis şöbəsinə dəvət olundu, inzibati məsuliyyətə cəlb edildi. Lakin prinsipcə atdığı addımı yenidən təkrarlaya bilər. Bir daha analoji halın yaşanmaması üçün onu maarifləndirmək lazımdır. Heyvanlarla davranış qaydaları öyrədilməlidir, sevgi aşılamağın zəruriliyi diqqətə çatdırılmalıdır. Söhbət aparılmalıdır.
Söymək, qışqırmaq, vurmaq həll yolu ola bilməz. Düzdür, videoya ilk dəfə baxanda əsəblə bir anlıq düşündüm ki, kaş o şəxsi avtomobildən düşürdüb, maşının arxasına bağlayıb, elə sürüyəydim. Amma digər tərəfdən də insan anlayır ki, belə addımla iş düzəlmir. İnsanlarda heyvanlara qarşı mərhəmət hissini oyatmaq vacibdir. Elə söhbətlər aparılmalıdır ki, həmin adam hərəkətinə görə utansın, peşman olsun, gözü dolsun, xəcalət çəksin".
Qeyd edək ki, sosial şəbəkələrdə adamın iti avtomobilin arxasına bağlayaraq, sürüdüyü görüntüləri yayılıb. Həmin şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. R.Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib.