"Bu problemin həlli üçün taksi xidmətinin təkmilləşdirilməsinə ehtiyac var".
Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Bolt" taksi şirkətindən edilən çoxsaylı şikayətlər barədə danışarkən bildirib. O diqqətə çatdırıb ki, bu barədə Cənab Prezident İlham Əliyev də tapşırıq verib:
"Sənəd imzalanıb. Baş nazirin sərəncamı da var. Amma hələlik məsələ barədə ciddi bir iş görülmür. Lazımi addımlar atılsa, tədbirlər görülsə, müəyyən dəyişikliklər baş verə bilər. Taksi xidmətində neqativ hallarla bağlı vətəndaşların hardasa üz tuta biləcəyi bir mərkəz olmalıdır.
Müştəri bir sürücünü "Bolt"a şikayət edirsə, adıçəkilən şirkət heç bir tədbir görə bilməz. Çünki "Bolt" sürücünü işə götürəndə hər hansı bir müqavilə bağlamır. Onun üzərində səlahiyyətə malik deyil. İrad bildirə bilməzlər. Nəticədə bu özbaşınalıqlar da davam edir.
Qarşısı ancaq bir yolla alına bilər. Vahid taksi sistemi yaradılmalıdır. Bütün şirkətlərə həmin sistem üzərindən nəzarət edilməlidir. Belə olduğu təqdirdə, müştəri məmnuniyyəti təmin olunacaq".
Qeyd edək ki, son vaxtlar "Bolt" taksi şirkətindən çoxsaylı şikayətlər müşahidə olunur. Həmin şirkətin sürücülərinin mənzil başına çatanda yazılan qiymətdən daha çoxunu istədikləri iddia edilir.